AFFA PREZİDENTİ AZƏRBAYCAN FUTBOLUNUN YÜKSƏLİŞDƏ OLDUĞUNU BİLDİRİR
Azərbaycan milli futbolunun yaxşı perspektivləri var, idmanın bu növü respublikada uğurla inkişaf edir. FİFA prezidenti Yozef Blatter də, AFFA prezidenti Ramiz Mirzəyev də bu fikirdədirlər.
R.Mirzəyev MDB ölkələrinin futbol üzrə çempionları arasında Birlik kuboku uğrunda yarışların keçirildiyi Moskvada Y.Blatterlə ikitərəfli görüşü barədə AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, FİFA rəhbəri ilə milli futbolun inkişaf perspektivlərinə dair çox səmərəli danışıqlar aparılmışdır. R.Mirzəyevin sözlərinə görə, o, FİFA prezidentinə Azərbaycan futbolunun ötənilki nailiyyətləri, onun inkişafı üçün AFFA rəhbərliyinin gördüyü tədbirlər barədə ətraflı məlumat vermiş, futbolun dövlət tərəfindən dəstəklənməsində Azərbaycan Prezidenti İlham Əliyevin rolunu və bunun milli futbolun səviyyəsinə müsbət təsirini xüsusi vurğulamışdır. “Şəfa” idman-sağlamlıq kompleksinin AFFA-nın mülkiyyətinə verilməsi faktı da FİFA rəhbərinin diqqətinə çatdırılmışdır. Xatırladaq ki, vaxtilə bu komplekslə bağlı problemlərlə FİFA da, UEFA da dəfələrlə məşğul olmuşdur.
Karlos Alberto Torresin Azərbaycan milli komandasına baş məşqçi dəvət edilməsi, onun milli komanda ilə bir ildən artıq işləməsi də FİFA rəhbəri tərəfindən razılıq hissi ilə qarşılanmışdır.
R.Mirzəyev demişdir ki, Yozef Blatter beynəlxalq dərəcəli hakim Tofiq Bəhramova Bakıda abidə qoyulmasını yüksək qiymətləndirmişdir. Yeri gəlmişkən, bu, dünyada ilk belə hadisədir və cənab Blatter 2004-cü ilin oktyabrında Azərbaycan paytaxtına səfəri zamanı həmin abidənin, habelə “Şəfa” stadionunun, UEFA-nın “Hett-tri” proqramı ilə tikilən mini-futbol stadionunun açılışında və AFFA-nın baş inzibati binasının bünövrəsinin qoyulması mərasimində iştirak etmişdi. R.Mirzəyevin sözlərinə görə, FİFA prezidenti Azərbaycan yığmasının hazırlıq səviyyəsini də yüksək qiymətləndirmiş və əmin olduğunu bildirmişdir ki, Azərbaycan futbolda hələ öz sözünü deyəcəkdir.
AFFA rəhbəri milli futbolun indiki səviyyəsini və inkişaf perspektivlərini şərh edərək, qazanılmış uğurlardan da danışmışdır. Məsələn, respublika çempionatının güclülər dəstəsində çıxış edən klubların sayı 18-ə çatmışdır. Stadionlarda əsaslı yenidənqurma işləri aparılmışdır, yeni idman qurğuları tikilir. Xeyriyyəçi Mübariz Qasımovun himayədarlığı sayəsində Lənkəranın “Xəzər” futbol klubu üçün 15 min tamaşaçı yeri olan yeni stadion inşa edilmişdir və o, tezliklə açılacaqdır. İmişlidə, Tovuzda, Şəmkirdə və digər rayonlarda idman infrastrukturunun bərpası üçün işlər görülür.
R.Mirzəyev demişdir ki, klubların və yığma komandanın səviyyəsi də yüksəlmişdir. Milli komandanın oyununun keyfiyyətində ciddi irəliləyiş var, fiziki, texniki və taktiki hazırlığın da yaxşı olduğu müşahidə edilir. Yaxın vaxtlarda qarşıdakı 10 il üçün futbolun inkişafına dair dövlət proqramının layihəsi təsdiq və qəbul ediləcəkdir. Lakin bütün bunlar ölkənin iqtisadi potensialının inkişafı, ölkəmizdəki mövcud ictimai-siyasi sabitliklə qarşılıqlı surətdə bağlıdır.
AFFA başçısı vurğulamışdır ki, indi Azərbaycanda uşaq futboluna da böyük diqqət yetirilir. Təcrübə mübadiləsi sahəsində geniş iş aparılır. AFFA öz mütəxəssislərini - məşqçiləri və hakimləri öz ixtisaslarını artırmaq üçün beynəlxalq strukturlar tərəfindən təşkil olunan kurslara və seminarlara müntəzəm surətdə ezam edir. FİFA və UEFA-nın xətti ilə xaricdən mütəxəssislər dəvət olunur və onlar da Azərbaycanda seminar və kurslar keçirlər. Milli yığma komandaların yoldaşlıq görüşləri keçirməsi yaxşı ənənəyə çevrilmişdir. Ötən il Qazaxıstan, Moldova, Özbəkistan və Latviyada, habelə ölkəmizdə yoldaşlıq oyunları keçirilmişdir.
Yanvarın 18-də Azərbaycan yığması iki yoldaşlıq görüşü keçirmək üçün ABŞ-a gedəcəkdir. Fevralın 9-da Bakıda Moldova yığması ilə yoldaşlıq görüşü olacaqdır. Martın 17-də isə Varşavada Azərbaycan və Polşa yığmaları arasında görüş keçiriləcəkdir. Şübhəsiz ki, bütün bunlar futbolumuzun səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir. Bir sözlə, Azərbaycan futbolu yüksəlişdədir və ümidvarıq ki, çox tezliklə o, dünya futbolunda layiqli yer tutacaqdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva