AFR-də koronavirusa qarşı vaksinin kliniki sınaqlarına icazə verilib
Bakı, 23 aprel, AZƏRTAC
Koronavirusa qarşı vaksin yaratmaq üçün çox ölkələrdə çalışırlar. Bu axtarışlarla dünyanın aparıcı tədqiqat mərkəzlərinin alimləri məşğul olurlar.
AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, Almaniyanın Mayns şəhərindəki “Biontech” şirkəti könüllülər üzərində kliniki sınaqlar keçirilməsi üçün icazə alıb.
AFR-in Səhiyyə naziri Yens Şpan nikbindir. O deyir: “Biz Almaniyada vaksinin birinci sınaqlarına başlayırıq. Bu sınaqların keçirilməsinə Paul Erlix adına Vaksinlərin və biotibbi dərman vasitələrinin hazırlanması İnstitutu razılıq verib. Preparat əvvəlcə yaşı 18-dən 55-ə qədər olan 200 könüllü üzərində testdən keçiriləcək. Bu, yaxşı siqnaldır: deməli, bizim ölkəmiz vaksinlərin hazırlanması işində o qədər irəliləyib ki, biz sınaqlara başlaya bilərik. Eyni zamanda, qeyd etməyə dəyər ki, bu işə aylarla vaxt sərf olunacaq”.
Xatırladaq ki, bu həftə Oksford universitetinin tədqiqatçılarından ibarət komandası da koronavirusa qarşı vaksinin könüllülər üzərində sınaqlarına başlayacaq. Birləşmiş Krallığın Səhiyyə Nazirliyinin rəhbəri Mett Henkokun sözlərinə görə, bu məqsədlə 20 milyon funt sterlinq ayrılıb.