Ağ ev “Wall Street Journal”ı Trampı müşayiət edən media siyahısından çıxarıb
Bakı, 22 iyul, AZƏRTAC
“Wall Street Journal” nəşrinin müxbiri ABŞ Prezidenti Donald Trampın Şotlandiyaya gözlənilən səfərində onu müşayiət edəcək jurnalist qrupundan çıxarılıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu qərarın “Wall Street Journal” tərəfindən “yalan və böhtanlara görə” verildiyi bildirilib. Ağ evin mətbuat katibi Karolin Levitt qəzetin Tramp və Cefri Epşteynlə bağlı son xəbərinə istinad edərək, onun müxbirinin Prezidentin Şotlandiyaya səfərini işıqlandırmaq üçün 13 müxtəlif media orqanı arasında olmayacağını qeyd edib.
Donald Trampın iyulun 25-dən 29-dək Şotlandiyada səfərdə olacağı planlaşdırılır.
Bu ilin əvvəlinə qədər Ağ ev Müxbirləri Assosiasiyası (WHCA) müstəqil mətbuat təşkilatı bu məsələ ilə məşğul olurdu. Lakin fevral ayında Ağ ev siyahıya nəzarəti ələ keçirərək WHCA-nın imkanlarını məhdudlaşdırıb.
WHCA prezidenti Veytszya Tszyan bildirib ki, Ağ evin bəyənmədiyi media orqanlarını cəzalandırmaq cəhdi dərin narahatlıq doğurur və Konstitusiyaya Birinci Düzəlişi pozur. O əlavə edib ki, mediaya qarşı hökumətin qisas alma siyasəti sözə və müstəqil mətbuata dəyər verən hər kəsi narahat etməlidir.
Prezident Donald Tramp tərəfindən hələ 2003-cü ildə Cefri Epşteynə 50 illik yubileyi münasibətilə göndərilən məktublar toplusu, o cümlədən onun adı olan qeyd və çılpaq qadın konturları haqqında məqalə dərc edən “Wall Street Journal” nəşrinə və bir neçə jurnalistə qarşı böhtan iddiası ilə məhkəmə işi açılıb. Prezidentin vəkilləri heç bir orijinal məktub və ya rəsm olmadığını deyirlər.