Ağacların kəsilməsi ilə bağlı şikayət təsdiqini tapmayıb
Bakı, 13 yanvar, AZƏRTAC
Şəki şəhəri “Ekonom” marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb. Məlum olub ki, həmin ünvanda ağac kəsintisi deyil, təhlükə yaradan bir neçə ağacın budanması həyata keçirilib. Odur ki, ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət həqiqəti əks etdirmir.
AZƏRTAC xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, həmin ərazidə fəaliyyət göstərən “Kapital Bank”ın Şəki filialı tərəfindən bankın binasının qarşısında, “Ekonom” marketin yaxınlığında təhlükə yaradan irigövdəli və çox hündür bir neçə ağacın budanmasına rəy verilməsi üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub. Agentlik tərəfindən vətəndaşların həyatına təhlükə yaradan altı ağacın budanmasına rəy verilib.
B.Məhəmmədov yaşıllıqlara qayğı və həssaslıqla yanaşaraq xidmətə məlumat verən ictimaiyyət nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə görə təşəkkürünü bildirib, eyni zamanda, ağacların budanmasını kəsilmə kimi təqdim edərək ictimaiyyətdə çaşqınlıq yaratmamalarını xahiş edib.