AĞAKİŞİ KAZIMOVUN 70 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
İştirakçılar, əvvəlcə, rejissorun yaradıcılığından bəhs edən fotostendlə tanış olmuşlar.
İttifaqın idarə heyətinin sədri, xalq artisti Azər Paşa Nemətov yubilyarın həyat və yaradıcılığının bəzi məqamlarından danışaraq bildirmişdir ki, həyatının 50 ildən çoxunu milli teatrımızın inkişafına həsr edən rejissor səhnə fəaliyyətinə aktyor kimi başlamış, Milli Dram Teatrının səhnəsində Barat (“Almaz”), Fərəc (“Şirvan gözəli”), Fərid (“Cavanşir”) kimi yaddaqalan obrazlar yaratmışdır. Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirdikdən sonra A.Kazımov Kazan Dövlət Akademik Dram Teatrında C.Cabbarlının “Aydın” faciəsini tamaşaya qoymuş və bu tamaşa o vaxtlar SSRİ Mədəniyyət Nazirliyinin birinci mükafatına layiq görülmüşdür.
Sənətşünaslıq doktoru, professor İlham Rəhimli yubilyarın çalışdığı müxtəlif teatrlarda səhnə həyatı verdiyi uğurlu tamaşalardan, yetişdirdiyi aktyor nəslindən bəhs etmişdir. O bildirmişdir ki, görkəmli rejissor ölkəmizin teatrlarında 100-dən artıq müxtəlif janrlı əsərləri səhnəyə qoymuşdur. Azərbaycan teleradiosunun qızıl fondunda onun 30-dan çox tamaşası qorunub saxlanır.
SSRİ Xalq artisti, bəstəkar Arif Məlikov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İnqilab Kərimov və başqaları A.Kazımovu əlamətdar gün münasibətilə təbrik etmiş, onun sənət uğurlarından söhbət açmışlar.
Yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.