Ağasəlim Mircavadov: Avrokuboklarda mübarizəyə başlayan hər üç klubumuz Liqa mərhələsinə yüksələ bilər
Bakı, 10 iyul, AZƏRTAC
Klublarımızın avrokuboklardakı qələbələri növbəti oyunlar üçün böyük ruh yüksəkliyi yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycan təmsilçilərinin avrokubokların I təsnifat mərhələsində keçirdikləri ilk oyunları dəyərləndirərkən deyib.
Mütəxəssis ilk növbədə Çempionlar Liqasında Uelsin TNS komandasını 2:0 hesabı ilə üstələyən “Sabah”ın oyununa toxunub: “Avropada uğurlu oynamaq üçün ilk növbədə komandanın özəyini qorumaq lazım idi ki, "Sabah" da bunu bacardı. Komanda əsas oyunçuları saxlamaqla yanaşı, heyətə bəzi yeni futbolçular da daxil etdi. Oyunda da görünürdü ki, ötən mövsümdəki sistem və dəst-xətt qorunub saxlanılıb. İlk matçda rəqibi çox rahat məğlub etdilər. Sadəcə, məni az qol vurmaları bir az heyifsiləndirdi. Fikrimcə, rəqibin qapısından daha çox top keçirə bilərdilər. Amma hazırda heyətdə böyük ruh yüksəkliyi var. Adətən avrokubokların bu mərhələlərində gözəl oyundan daha çox nəticə tələb olunur. Çünki qazanılan qələbə növbəti matçlara normal hazırlaşmaq üçün komandaya əlavə motivasiya verir. Hesab edirəm ki, “Sabah” bu mərhələni keçməyə tam hazırdır”.
O, Konfrans Liqasında Gürcüstan təmsilçisi “Torpedo”nu 3 cavabsız qolla məğlub edən “Zirə”nin çıxışını da xüsusi qeyd edib: “Zirə” digər klublara nisbətən hazırlığa bir qədər gec başladı və vaxtı az idi. Oyun praktikası yetəri qədər olmasa da, meydanda çox sakit, təmkinli futbol nümayiş etdirdilər və layiq olduqları qələbəni qazandılar. İndi komandanın 1 həftə vaxtı var. Baş məşqçi tam hazır olmayan futbolçuları fərdi məşqlərlə kollektivə uyğunlaşdıra bilər. Sözsüz ki, komandaya yeni oyunçular lazımdır. Rəhbərlik də baş məşqçinin istədiyi, güvəndiyi əcnəbi futbolçuları heyətə qatmaq üçün transfer çalışmalarını davam etdirir, bu isə zaman tələb edən prosesdir. Bununla belə, “Zirə”nin Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq şansı kifayət qədərdir. Çünki bu turnirdə heyət və keyfiyyət baxımından elə də güclü klublar yoxdur. Hər şey komandanın hazırlığından və motivasiyasından asılı olacaq”.
Ağasəlim Mircavadov Avropa Liqasında mübarizəyə inamlı start verən “Qarabağ”dan da bəhs edib: “Qarabağ” öz oyununu çox rahat və təzyiqsiz keçirdi. Ağdam təmsilçisi bu matçla həm də yeni transferlərini nümayiş etdirdi və göstərdi ki, komandaya fayda verəcək oyunçular alınıb. Sistem yerindədir, sadəcə, futbolçuların bu oyun fəlsəfəsinə tam uyğunlaşması üçün bir az zamana ehtiyac var. İnanıram ki, “Qarabağ” nümayiş etdirdiyi futbolla Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq”.