Ağdamda dəyirmi masa: “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır
Ağdam, 14 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
1994-cü il sentyabrın 24-də imzalanan “Əsrin müqaviləsi” ilə müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində keçirilən “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masada səsləndirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digər çıxış edənlər böyük siyasi xadim Heydər Əliyevin balanslaşdırılmış siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də gerçəkləşmiş “Əsrin müqaviləsi”nin imzalanmasında dünyanın ən məşhur neft şirkətlərinin iştirak etməsindən, "Yeni neft strategiyası" və doktrinasının əsasının qoyulmasından, bu müqavilədən sonra Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsinin regional deyil, qlobal bir məsələyə çevrilməsindən, Azərbaycanın iqtisadi potensialının ən vacib komponenti olan neft amilinin düzgün idarə edilməsinin 44 günlük Vətən müharibəsində Qələbənin qazanılmasına təsirindən bəhs ediblər.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi-iqtisadi kursuna sadiq qalan Prezident İlham Əliyev bu yolla müstəqilliyimizi daha da möhkəmləndirir, Azərbaycanı güclü iqtisadiyyata malik qüdrətli ölkəyə çevirir. Vətən müharibəsində qazanılmış şanlı Qələbə məhz bu uğurlu siyasətin bariz nümunəsidir.