AĞDAMDA MƏCBURİ KÖÇKÜNLƏRİN BACARIQLARININ İNKİŞAFINA DAİR LAYİHƏ HƏYATA KEÇİRİLİR
Ağdam, 4 noyabr (AZƏRTAC). BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Ağdam rayonu ərazisində yeni salınmış qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərin bacarıqlarının inkişafına dair layihə həyata keçirilir.
Azərbaycan hökuməti, İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatı (SDC) tərəfindən maliyyələşdirilən, FAO tərəfindən həyata keçirilən layihə 2009-2012-ci illəri əhatə edir. Layihənin məqsədi məcburi köçkün və yerli fermerlərin gəlirlərinin artırılması, onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasıdır.
FAO-nun Bərdə ofisində fermer sahə və fermer biznes məktəblərinin fəaliyyətini gücləndirmək üçün Gəncə Aqro Biznes, Elat Aqro Biznes və Aqro İnformasiya Mərkəzi təşkilatlarına 4 günlük təlim keçirilmişdir. Təlim prosesində Ağdam və Bərdə rayon icra hakimiyyətlərinin, SDC-nin nümayəndələri yaxından iştirak etmişlər.
Təlimin sonunda Ağdam rayonu Quzanlı-1 məcburi köçkün qəsəbəsində adıçəkilən təşkilatlar aparıcı fermerlərə təqdim olunmuşdur. FAO-nun idarəedici heyətinin, SDC-nin nümayəndəsinin, Kənd Təsərrüfatı Nazirliyinin təmsilçilərinin, ərazidə fəaliyyət göstərən kənd təsərrüfatı vasitələri təchizatçılarının və kiçik sahibkarların iştirak etdiyi tədbirdə aparıcı fermerlər gələcək 12 aylıq fəaliyyət dövründə layihədən gözlənilən nəticələrdən, ərazidə kənd təsərrüfatı sahəsində mövcud çətinliklərdən və öz fəaliyyətlərini hansı istiqamətdə davam etdirəcəklərindən danışmışlar. Bildirilmişdir ki, fermerlər layihədən aşağıdakıları gözləyirlər: FAO və tərəfdaş təşkilatların dəstəyi ilə kənd təsərrüfatı məhsullarının istehsalında fermer sahə və fermer biznes məktəbləri vasitəsilə öz bilik və bacarıqlarının artırılması; öz təsərrüfatlarının inkişafında çətinliklərin aradan qaldırılması; uzunmüddətli və az faizli kreditlər; kənd təsərrüfatı məhsullarının istehsalında yeni texnologiya və becərmə üsullarının tətbiqi; keyfiyyətli toxum, gübrə, kimyəvi preparatların əldə olunmasında dəstək verilməsi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Tahir Bəşirov ərazidə kənd təsərrüfatının vəziyyəti, Azərbaycan hökumətinin fermerlərə götərdiyi diqqət və qayğıdan danışmış, layihənin uğurlu icrası üçün təmsil qurum tərəfindən lazımi kömək göstəriləcəyini bildirmişdir.
Sonda Gəncə Aqro Biznes, Elat Aqro Biznes və Aqro İnformasiya Mərkəzi təşkilatları ilə aparıcı fermerlər gələcək 12 ay müddətində birgə fəaliyyətlərinin planlaşdırılması barədə fikir mübadiləsi aparmışlar.
######
