Ağdaşda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Ağdaş, 23 fevral (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon İcra hakimiyyətinin nümayəndələri, idarə və təşkilat rəhbərləri, məktəb direktorları, ağsaqqalar, gənclər, Ağdaşda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər iştirak etmişlər.
Yığıncaqda çıxış edən YAP Ağdaş rayon təşkilatı gənclər birliyinin sədri Anar Şahmuradov ermənilərin işğalçılıq siyasəti, zaman-zaman azərbaycanlılara qarşı törədilmiş terror və soyqırımı aktları barədə ətraflı məlumat vermişdir. O, ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri vəhşiliklərin ötən əsrin ən dəhşətli faciəsi olduğunu bildirmişdir. Soyqırımının canlı şahidi olmuş Xocalı sakini Elmar Məmmədov ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışmış, gözləri qarşısında qohumlarının qəddarcasına qətlə yetirildiyini və əsir götürüldüyünü bildirmişdir.
Rayon İcra hakimiyyəti başçısının müavini Aynur Novruzova Xocalı soyqırımının ildönümü ilə əlaqədar rayonun məktəblərində şeir, inşa, rəsm müsabiqələrinin keçirildiyini, “Bizim qan yaddaşımız” adlı kitabçaların hazırlanaraq paylanıldığını diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edənlər Xocalı faciəsinin bütün dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınmasına ümid etdiklərini bildirmişlər.