Ağdərə sakini: Ata-baba torpaqlarımıza qürurla, yaşayıb-yaratmaq eşqi ilə qayıtmışıq FOTOLAR







Ağdərə, 6 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdərə rayonuna keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Martın 6-da daha 25 ailə rayonun Həsənriz kəndinə qovuşmağın sevincini yaşayıb.
AZƏRTAC-ın bölgə müxbiri növbəti köç çərçivəsində Həsənriz kəndində qayıdan Alıyevlər ailəsinin qonağı olub, onlarla söhbət edib.
Ailə başçısı Aqil Alıyev bildirib ki, 27 yaşı var, valideynləri Ağdərə rayonundan məcbur düşüblər. “Mən Tərtər rayonunda anadan olmuşam. Amma valideynlərim Qarabağla, Ağdərə rayonu ilə bağlı o qədər danışıblar ki, hər zaman ata-baba torpaqlarına qayıtmağı arzulamışam. Şükür bu günə, Ali Baş Komandanın, Ordumuzun sayəsində bu gün buradayıq”.
Aqil Alıyevin həyat yoldaşı Afaqət xanım Ağdərə rayonuna qürurla, yaşayıb-yaratmaq eşqi ilə qayıtdıqlarını deyib. “Bu gün sox sevinirik ki, doğma yurdumuzdayıq. Kənddə beşotaqlı evlə təmin olunmuşuq. Bundan sonra həyat yoldaşım və iki övladımla burada yaşayacağıq. Müəllimlik fəaliyyətimi kənddəki məktəbdə davam etdirəcəyəm. Qalibiyyət sevincini, doğma torpaqlara qayıtmaq xoşbəxtliyini bizə yaşadan Prezidentimizə, Ordumuza minnətdarlığımı bildirirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərə şəfa diləyirəm”, - deyə o bildirib.
Qeyd edək ki, işğaldan azad olunduqdan sonra Həsənriz kəndində yenidənqurma və bərpa işlərinə başlanılıb. Kəndə artıq 50 ailə köçürülüb. Bundan sonra da köç mərhələli şəkildə həyata keçiriləcək. Hazırda kənddəki fərdi yaşayış evlərində təmir işləri həyata keçirilir. Həsənriz kəndi qısa zamanda elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. Burada insanların yaxşı yaşamaları üçün bütün zəruri infrastruktur yaradılıb.