Ağdərə və Gədəbəydə 22 santimetr qar yağıb
Bakı, 15 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, əvvəlcədən xəbər verildiyi kimi, dekabrın 14-ü gün ərzində, 15-i gecə və səhər ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.
Yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-2, Böyük Qafqazda 2-29, Lənkəran-Astara zonasında 1-42, Kiçik Qafqazda 13-15, Qazax-Gəncə zonasında 1-17, Mərkəzi Aran rayonlarında 1-18, Naxçıvan Muxtar Respublikasında 1-10 millimetr təşkil edib.
Qar örtüyünün hündürlüyü Ağdərə, Gədəbəydə 22, Xınalıq, Daşkəsəndə 17, Qubada 15, Qubanın dağlıq ərazilərində 10-25, Zaqatala, Göygöldə 13, Şəki, Oğuzda 12, Balakəndə 11, Rvarudda 9, Şamaxı, Naxçıvanda 8, Şahbuz, Ordubadda 7, Altıağac, Sarıbaşda 6, İsmayıllı, Tərtərdə 5, Göyçay, Lerikdə 4, İmişli, Göytəpə, Şabranda 3, Kəlvəz, Astara, Beyləqan, Zərdabda 2, Şərur, Xaçmaz, Lənkəranda 1 santimetr olub.