ELM VƏ TƏHSİL
Agentlik sədri: Yaşıl gələcəyi quranların ilk sıralarında ixtiraçılar və müəlliflər durur
Bakı, 30 oktyabr, AZƏRTAC
Yaşıl gələcəyi arzulayan bəşər cəmiyyətini quranların ilk sıralarında ixtiraçılar və müəlliflər durur.
AZƏRTAC xəbər verir ki, bu fikri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov oktyabrın 30-da keçirilən “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masada söyləyib.
Agentliyin rəhbəri qeyd edib ki, patent sistemi innovasiyaları və iqtisadi texnologiyaların yayılmasını dəstəkləyir, yaradıcı müəllif təfəkkürü və sənaye nümunələrinin qorunması mexanizmləri isə faydalı, cəlbedici və səmərəli məhsulların yaradılmasında resurslardan optimal istifadə olunmasına kömək edir: “Əmtəə nişanlarının və digər fərqləndirici nişanların qorunması sistemi müəssisələrin artmasına təsir göstərir və iqtisadiyyatın inkişafını dəstəkləyir, coğrafi göstəricilər ehtiyatların dayanıqlı istehlakına yardım edir, seleksiya hüquqları isə daha davamlı bitki sortlarının yetişdirilməsinə kömək edir və bununla da ərzaq təhlükəsizliyinə təsir göstərir.
Nəhayət, müəlliflər və müəllif hüququnun sahibləri yaşıl gələcək konsepsiyasının yaradılmasında mühüm rol oynayır, əsərlərində yaşıl gələcəyi təbliğ edir. Eyni zamanda biznes nümayəndələri – innovativ müəssisələr özlərinin innovativ məhsulları ilə bizi yaşıl gələcəyə yaxınlaşdırırlar”.