Ağır atletika üzrə Azərbaycan çempionatının birinci günündə üç çəki dərəcəsində qaliblər müəyyənləşib
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlanlar və qızlar arasında Azərbaycan birinciliyinə start verilib.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionatın birinci günündə körpücük üzərinə əvvəlcə 15 yaşadək (49 kq-dək) atletlər çıxıblar. Toplam 163 kiloqram (70+93) nəticə ilə Qasım İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 153 kq (63+90) nəticə ilə Kənan Rəhimov və 146 kq (63+83) nəticə ilə Ravin Alməmmədov tutublar.
Çempionatda 55 kiloqram çəki dərəcəsində yarışda toplam 166 kq (72+94) nəticə ilə Elgün Mürşüdov qalib olub. Heydər Yusifov toplam 165 kq (77+88) nəticə ilə gümüş, Ravil Nəbiyev isə 153 kq (70+83) nəticə ilə bürünc medallara layiq görülüblər.
Birincilikdə 61 kiloqram çəki dərəcəsində atletlərin mübarizəsində isə toplam 216 kq (95+121) nəticə ilə Elşən Məmmədov çempionluğa yiyələnib. Gümüş medala toplam 200 kq (90+110) nəticə ilə Sənan Sahibov, bürünc medala isə 175 kq (80+95) nəticə ilə Ədalət Məmmədli sahib olublar.
İyulun 27-də yekun vurulacaq birincilikdə ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətlərini, klublarını, mərkəzləri, UGİM-ləri təmsil edən 150-dək gənc atlet mübarizə aparır.
Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletikanın təbliği və inkişafı, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.