Ağstafada ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərlə görüş keçirilib
Ağstafa, 5 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağstafa rayon Heydər Əliyev Mərkəzində Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil sektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin birgə təşkilatçılığı ilə “Suveren ölkənin təhsilli gəncləri” mövzusunda görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Mərkəzin önündə müasir, müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Görüş Dövlət Himnimizin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov qeyd edib ki, qalib ölkəmizin qüdrətli gələcəyinə hesablanmış, milli mənafelər üzərindən qurulan Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimizin təhsil strategiyasının kökündə milli-mənəvi dəyərlərin qorunması, xalqın tarixi, mədəniyyəti, cəmiyyətimizin uğurlu gələcəyi, ölkəmizin davamlı və dayanıqlı inkişafı dayanır. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xüsusilə uğurlu iqtisadi, siyasi, hərbi-müdafiə quruculuğu, eləcə də uğurlu təhsil və gənclər siyasətinin nəticəsində mümkün olmuşdur.
Tədbirdə çıxış edənlər – Ağstafa rayon prokuroru Anar Cəfərov, Ağstafa rayon Təhsil sektorunun müdiri Mədəd Zeynalov, mədəniyyət nümayəndəsi Oruc Mansurov, 682, 677 və 666 bal toplayan tələbələr, Aysel Tağıyeva, Nəsrin Cəfərli və Leyla İzzətova ölkəmizin təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısından geniş bəhs ediblər.
Cari tədris ilində yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olan məzunlar və fəaliyyətlərində fərqlənən müəllimlər Ağstafa Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələrlə təltif olunublar.
Görüş bədii proqramla davam edib.