Ağstafada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
Ağstafa, 25 may, Famil Quliyev, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Ağstafa şəhərindəki Musiqi Mərkəzinin akt zalında tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova məruzə ilə çıxış edərək, 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlardan, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna roldan, həyata keçirilən islahatlardan geniş bəhs edib. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı uzun illər sonra ilk dəfə Naxçıvan Muxtar Respublikasında, daha sonra müstəqil Azərbaycan Respublikasında dövlət bayrağı kimi qəbul edilib.
Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti barədə müvafiq sərəncamları AXC-nin tariximizdə tutduğu yerə və liderlərinə verilən böyük önəmin göstəricisidir.
Tədbir Ağstafa, Qazax və Tovuz rayon mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə yekunlaşıb.