Ağstafada Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirilib
Ağstafa, 15 iyun, Rauf Hacıyev, AZƏRTAC
Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq ideologiyasının təbliğində Heydər Əliyev Fondunun rolu gənc mədəniyyət könüllülərinin gözü ilə” mövzusunda videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda rayonlar üzrə nümayəndələr, müəssisə rəhbərləri və mədəniyyət işçiləri iştirak edib.
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov bildirib ki, Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və ovaxtkı hakimiyyətin xahişi ilə ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi aradan qalxdı. Vüqar Qədirov Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan, ordu quruculuğundan, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, gənclərə dövlət dəstəyinin ən yüksək səviyyədə təmin olunmasından, xarici siyasətdə qazanılan uğurlardan danışaraq bugünkü müasir, güclü Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu bildirib.
Qeyd edilib ki, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev qarşıya qoyulan strateji hədəfləri prinsipiallıqla və uzaqgörənliklə həyata keçirib. O cümlədən, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi istər Azərbaycanda, istərsə də Azərbaycanın mənafeyini həyata keçirən beynəlxalq layihələrin dəstəklənməsində gördüyü işlər, misilsiz xidmətlər bu gün göz önündə olmaqla bərabər ölkəmizə böyük nüfuz və hörmət gətirməkdədir. Heydər Əliyev Fondunun Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət müəssisələrinə, uşaq evlərinə, qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı bu gün hər bir vətəndaş tərəfindən müsbət qarşılanır.
Birinci vitse-prezident Mehriban Əliyevanın istər könüllülük fəaliyyətinin inkişafında, istər Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin dünya miqyasında təbliğində UNESCO VƏ ICESCO-nun xoşməramlı səfiri kimi hər iki mötəbər qurumda Azərbaycanın qədim milli adət-ənənələrinin, qeyri-maddi irsinin, mədəniyyət abidələrinin qorunmasında və qorunan abidələr siyahıya salınmasında göstərdiyi xidmət də təbii ki, Azərbaycan dövlətinə və xalqına misilsiz sevgidən irəli gəlir.
Heydər Əliyev Fondunun bununla bərabər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi misilsiz xidmətlər, fəaliyyət də bu gün gənc mədəniyyət işçiləri tərəfindən olduqca yüksək qiymətləndirilir.
“Biz bilirik ki, 2020-ci ildə bütün dünya qlobal pandemiya ilə üz-üzə qaldı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri nəticəsində Azərbaycan istər qonşu dövlətlərlə, istərsə də bir sıra dünya ölkələri ilə müqayisədə çox çevik, prinsipial addımlar atdı və bunun nəticəsidir ki, bu gün Azərbaycanda epidemiya nəzarət altında saxlanıla bilir” - deyə V.Qədirov qeyd edib.
Tədbirdə o cümlədən, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov, Tovuz, Qazax və Ağstafa rayon Heydər Əliyev Mərkəzlərinin direktorları Humay Aslanova, Ceyhunə Hüseynova və Ləman Cəlilova Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının təbliğində mərkəzlərin gördükləri işlərdən danışıb, pandemiya dövründə həyata keçirilən virtual tədbirlərdən, hazırlanan videoçarxlardan, digər rayonların Heydər Əliyev Mərkəzləri ilə virtual əməkdaşlıq əlaqələrindən və Mərkəzlərə təşkil edilmiş ekskursiyalardan geniş bəhs ediblər.