AHİK İcraiyyə Komitəsinin iclası keçirilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, onlayn konfransda AHİK sədri, deputat Səttar Möhbalıyev iclasın gündəliyinə maliyyə vəsaitinin ayrılması barədə “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun müraciətləri, həmçinin 2022-ci ildə AHİK-in üzv təşkilatlarında hesabat-seçki kampaniyasınin, AHİK-in Məclisinin tərkibində qismən dəyişikliklər olunması və digər cari və təşkilati məsələlərin daxil edildiyini bildirib.
Gündəlikdə duran məsələlərin müzakirəsindən əvvəl günün aktual məsələləri barədə danışan S.Möhbalıyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsindən, uğurlu hərbi əməliyyatlardan, xalqımızın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsindən, şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarından bəhs edib. Bildirib ki, hazırda işğaldan azad olunan Şərqi Zəngəzurda və Qarabağda sürətli abadlıq-quruculuq işləri aparılır. “İnanırıq ki, yaxın zamanlarda sakinlər öz doğma yurdlarına qayıdacaqlar. Şəhid ailələri, qazilər, müharibə iştirakçıları hərtərəfli dövlət qayğısı ilə əhatə olunur və hər birimizin borcudur ki, bu məsələni həmişə diqqətdə saxlayaq, onların problemləri ilə maraqlanaq, lazım olan köməyi onlardan əsirgəməyək”, - deyə AHİK sədri bildirib.
Daha sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinə 25-ə yaxın şəhid ailəsinin iştirak etdiyi “Şəhid ailələrinin II maarifləndirici tur-aksiyası”nın davam etdirilməsi üçün 1000 manat pul vəsaitinin köçürülməsi barədə qərar qəbul olunub.
Azərbaycan Diasporuna Dəstək Fondunun müraciəti əsasında da müzakirələr aparılıb. Bildirilib ki, ölkədə əldə olunan nailiyyətlərin dünyaya çatdırılması, dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərinin qorunması, xaricdə işləyən azərbaycanlıların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, soydaşlarımızın sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həlli və bu sahədə sosial layihələrin reallaşdırılması istiqamətində Azərbaycan Diasporuna Dəstək Fondu mühüm işlər görür. Qeyd olunub ki, Fond Vətən müharibəsi nəticəsində şəhid ailələri və qazilərin sosial müdafiəsinə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə “YAŞAT” Fondu ilə birgə “YAŞAT” Marafonu adlı kampaniya da keçirib, şəhid və qazilərimizə maddi dəstək göstərib. Gələcəkdə fondun fəaliyyətinin daha uğurla davam etdirilməsi, səmərəliliyinin artırılması və genişləndirilməsi məqsədilə İcraiyyə Komitəsi Fondun hesabına 30 min manat pul vəsaitinin köçürülməsi barədə qərar qəbul edib.
AHİK-in Məclisinin tərkibində qismən dəyişikliklər edilməsi, həmkarlar ittifaqı təşkilatlarının bütün sahələrində COVID-19 infeksiyasının yaratdığı mövcud şəraitlə əlaqədar olaraq hesabat-seçki yığıncaqlarının təxirə salınması və digər müzakirəyə çıxarılan məsələlər barədə müvafiq qərarlar qəbul olunub.
Sonda AHİK sədri əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin müdafiəsi istiqamətində fəal işin aparılması barədə üzv və tabe təşkilatlarına müvafiq tövsiyələr verib.