Aİ inkişaf etməkdə olan ölkələr üçün güzəştlər sistemi üzrə yenilənmiş qaydaları təsdiqləyib
Berlin, 22 may, AZƏRTAC
Avropa İttifaqı inkişaf etməkdə olan ölkələr üçün ticarət güzəştlərini nəzərdə tutan Ümumiləşdirilmiş Güzəştlər Sistemi (GSP) üzrə yenilənmiş qaydaları rəsmən təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, yeni tənzimləmə güzəştli ticarət rejimi ilə insan və əmək hüquqlarına, ətraf mühitin qorunmasına və yaxşı idarəçiliyə əməl olunması arasında əlaqəni daha da gücləndirir.
Yenilənmiş mexanizm mövcud GSP sistemində monitorinq və şəffaflıq imkanlarını genişləndirir, həmçinin benefisiar ölkələrin riayət etməli olduqları beynəlxalq konvensiyaların siyahısını artırır. Sənədə əsasən, xüsusilə iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq öhdəliklərin ciddi şəkildə pozulması hallarında ticarət güzəştlərinin dayandırılması üçün daha sürətli prosedur tətbiq ediləcək.
Yeni qaydalara əsasən, ilk dəfə olaraq ticarət güzəştləri miqrasiya və readmissiya sahəsində əməkdaşlıqla əlaqələndirilir. Belə ki, Avropa Komissiyası benefisiar ölkələrin qanunsuz miqrantların geri qəbulunda əməkdaşlığını qiymətləndirəcək və zərurət yarandıqda güzəştlərin ləğvini təklif edə biləcək.
Tənzimləmə, eyni zamanda, Aİ istehsalçılarının maraqlarının qorunmasını da nəzərdə tutur. Benefisiar ölkələrdən idxalın kəskin artdığı hallarda qoruyucu tədbirlər tətbiq olunacaq. Xüsusilə düyü idxalı üzrə ayrıca müdafiə mexanizmi yaradılır. İdxal həcmi adi səviyyəni əhəmiyyətli dərəcədə keçərsə, Aİ həmin məhsullara müvəqqəti tariflər tətbiq edə biləcək.
Sənəd 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.