Ailədə təhlükəsiz həyatın qurulmasında dövlət-vətəndaş cəmiyyətinin roluna dair müzakirələr aparılıb
Bakı, 9 dekabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, komitə yanında İctimai şuranın təşəbbüsü ilə “Ailədə təhlükəsiz həyatın qurulmasında dövlət-vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi, məişət zorakılığının qarşısının alınmasında birgə fəaliyyətin inkişaf etdirilməsi məqsədilə keçirilən tədbirdə Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları”nın işinin qurulmasından, bu istiqamətdə rayonda həyata keçirilən tədbirlərdən danışıb.
Sonra Dövlət Komitəsinin əməkdaşı Pərvanə Əsgərzadə rəqəmsal mühitdə məişət zorakılığı, qanunvericiliyə edilən dəyişikliklər, müvafiq istiqamətdə dövlət siyasəti və görülən işlər barədə iştirakçılara məlumat verib. Azərbaycanda ailə institutunun möhkəmləndirilməsinin dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib.
Komitə yanında İctimai şuranın üzvləri Firuzə Nadir, Məryəm Məcidova, Venera Əsgərova, Qəmərxanım Cavadlı iştirakçılara məişət zorakılığının səbəbləri, onun fiziki, psixoloji, iqtisadi və digər formaları, zorakılığın qarşısının alınması üçün diqqət edilməli məqamlar barədə ətraflı məlumat verib, müvafiq sahədə dövlət qurumları ilə əməkdaşlığın vacibliyini vurğulayıblar.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və birgə fəaliyyətə dair təkliflər səsləndirilib.