AKADEMİK AKİF ƏLİZADƏNİN 70 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBİLEY MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov çıxış edərək görkəmli alimin geniş elmi, elmi təşkilatçılıq və ictimai fəaliyyətindən danışmış, onun xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyini, bu günlərdə Azərbaycan Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunduğunu diqqətə çatdırmışdır.
Sonra H. Zərdabi adına təbiət tarixi muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Tofiq Həsənovun “Akademik Akif Əlizadənin həyatı, elmi və elmi-təşkilati fəaliyyəti”, Geologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Arif İsmayılzadənin “Akademik Akif Əlizadə-Azərbaycan Geoloqları Milli Komitəsinin prezidenti” mövzularında məruzələri dinlənilmişdir.
Məruzəçilər akademik Akif Əlizadənin şərəfli ömür yolundan, geologiya elmi sahəsində qazandığı nailiyyətlərdən, gənc kadrlara göstərdiyi qayğı və diqqətdən ətraflı söhbət açmış, çoxsaylı dəyərli elmi əsərlərin müəllifi olduğunu bildirmişlər.
Mərasimdə çıxış edən mədəniyyət naziri Polad Bülbüloğlu, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev, akademiklər Asəf Nadirov, Fuad Qasımzadə, Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov və başqaları yubilyarı təbrik etmiş, ona yeni-yeni nailiyyətlər arzulamışlar.