ELM VƏ TƏHSİL
Akademik Əhəd Canəhmədovun “Kainatı izah edərkən: Mühəndislik fəlsəfəsi” kitabı çapdan çıxıb
![Akademik Əhəd Canəhmədovun “Kainatı izah edərkən: Mühəndislik fəlsəfəsi” kitabı çapdan çıxıb](/files/2023/2/1200x630/16848353782912042447_1200x630.jpg)
Bakı, 23 may, AZƏRTAC
Dünyaşöhrətli azərbaycanlı alim, mexanik-filosof, texnika elmləri doktoru, professor, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının üzvü, Azərbaycan Milli Aviasiya Akademiyasının “Nəqliyyat mexanikası” kafedrasının müdiri Əhəd Canəhmədovun “Kainatı izah edərkən: Mühəndislik fəlsəfəsi” adlı elmi-kütləvi fəlsəfi traktatı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitabın elmi redaktoru və ön sözün müəllifi Beynəlxalq Mühəndislik Akademiyasının Prezidenti, SSRİ və Rusiya Federasiyasının Dövlət və hökumət mükafatları laureatı, akademik Boris Qusevdir. Rəyçi isə fəlsəfə elmləri doktoru, professor Cahangir Məmmədovdur.
Traktatın müəllifi öz xarakterik üslubu ilə ötən əsrin intellektual nailiyyətlərinin yaşadığımız dünya haqqında ən fundamental fikirlərimizi necə alt-üst etdiyini izah edir.
Əhəd Canəhmədov dövrümüzdə qərarlaşmır, o, elmin, texnikanın və mühəndis fəlsəfəsinin ən son nailiyyətlərinə arxalanaraq, sivilizasiyanın taleyini düşünür, süni intellektin köməyilə gələcəyə baxmaq üçün oxucuya həyəcanlı imkan yaradır. Müəllif oxucunu maraqlı bir yolla - qədim şumerlərdən tutmuş bizim dövrümüzə, orta əsrlərdə Şərq və Avropa dünyasında elmin inkişafı yolu ilə aparır.
Bu, Kainatı izah etmək üçün müasir elmi biliyin necə doğulduğu və inkişaf etdiyinə dair uzunmüddətli fundamental əsərdir. Əhəd Canəhmədov üçün elmin populyarlaşması heyrətamiz bir istəkdir.
Bu kitab “Maddi dünyada həyat necədir? Dünya necə işləyir və ümumbəşəri dəyərlərin elmlə əlaqəsi necədir? Elm və din arasında hansı əlaqə var?” kimi bir sıra suallara cavab axtaranlar üçündür.
Kitab kainatımızın quruluşu ilə maraqlanan, elm və idrakın keçdiyi yolu dərk edən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Traktatın üz qabığında müəllif və onun kitabı ilə bağlı xarici alimlərin fikirləri öz əksini tapıb.
Əhəd Canəhmədov xarici ölkələrin bir sıra akademiyalarının həqiqi üzvü, 30-dan çox monoqrafiyanın, 3 elmi kəşfin və 450-yə yaxın elmi məqalənin və patentin müəllifidir. Onun fundamental əsərləri ingilis dilinə tərcümə edilib, ABŞ, Almaniya və digər ölkələrdə nəşr edilib və beynəlxalq səviyyədə tanınıb. O, “Mühəndislik fəlsəfəsi” istiqamətinin əsasını qoyub.
Alimin xidmətləri yüksək qiymətləndirilib. O, beynəlxalq mükafatlar laureatıdır və xarici ölkələrin bir çox orden və medalları ilə təltif olunub.
Kitab Bakı şəhərində “Apostrof-A” nəşriyyatında çap olunub.