Akademik Nizami Cəfərov: Xaqani Şirvaninin ədəbi irsi geniş və sistemli şəkildə tədqiq olunmalıdır
AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir
Bakı, 19 oktyabr, AZƏRTAC
Xaqani Şirvani müəyyən mənada kölgədə qalmış şairlərimizdəndir. Bunun əsas səbəblərindən biri Nizami Gəncəvinin Azərbaycan və dünya ədəbiyyatında qazandığı böyük nüfuzdur. Nəticədə Xaqaninin həyatı və yaradıcılığı haqqında nisbətən az yazılıb, onun zəngin ədəbi irsi kifayət qədər araşdırılmayıb. Halbuki Xaqani özünəməxsus yaradıcılıq üslubu, dərin fəlsəfi düşüncəsi və poetik qüdrəti ilə seçilən görkəmli ədəbi şəxsiyyət və mütəfəkkirdir.
Bunu AZƏRTAC-a açıqlamasında akademik Nizami Cəfərov bildirib.
Onun sözlərinə görə, Xaqani Şirvanini Nizami Gəncəvidən fərqləndirən əsas xüsusiyyətlərdən biri onun daha üsyankar ruhlu şair olmasıdır. Xaqani yaşadığı dövrün ictimai-siyasi mühitinə, cəmiyyətdə hökm sürən ədalətsizliklərə qarşı etirazını poeziyasında cəsarətlə ifadə edib. Bununla yanaşı, o, dərin fəlsəfi təfəkkürə malik mütəfəkkir şair kimi də tanınıb.
“Nizami Gəncəvi daha təmkinli, geniş epik təfəkkürə malik sənətkar olduğu halda, Xaqaninin poeziyası yüksək emosional enerji, mübariz ruh və inqilabi əhvali-ruhiyyə ilə səciyyələnir. Bu baxımdan Xaqani Şirvaninin ədəbi irsinin ayrıca və hərtərəfli tədqiqinə böyük ehtiyac var. Azərbaycan dövləti isə Xaqani irsinin qorunmasına və yaşadılmasına xüsusi diqqət göstərir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə şairin ədəbi irsi Azərbaycan xalqının və dövlətinin milli-mədəni sərvəti kimi qorunur. Bu mənada Azərbaycan Prezidentinin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncam mühüm tarixi-mədəni əhəmiyyət daşıyır. Bu, böyük şairin zəngin irsinin daha dərindən öyrənilməsi, tədqiqi və gələcək nəsillərə çatdırılması baxımından olduqca əlamətdar hadisədir”, – deyə akademik vurğulayıb.
N.Cəfərov qeyd edib ki, Xaqani Şirvani Azərbaycan-türk ədəbi mühitinin yetişdirdiyi görkəmli şair və mütəfəkkirdir. O, “Həbsiyyə” şeirlərindən tutmuş “Mədain xərabələri” qəsidəsinə və “Töhfətül-İraqeyn” poemasına qədər zəngin poetik irsini fars dilində yaradıb, nəsr əsərlərini və məktublarının bir qismini isə ərəb dilində qələmə alıb. Lakin əsərlərini müxtəlif dillərdə yazması onun Azərbaycan ədəbi-mədəni mühitinə mənsubiyyətini dəyişmir. Xaqani Şirvani Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və mütəfəkkir kimi öyrənilməli, onun zəngin yaradıcılıq irsi bundan sonra da geniş və sistemli şəkildə tədqiq olunmalıdır.
Müxbir – Günel Alıyeva