Akademik Şahin Mustafayev TDT Ağsaqqallar Şurasının 14-cü toplantısında çıxış edib
Bakı, 19 oktyabr, AZƏRTAC
Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 14-cü toplantısı keçirilib.
İclasda TDT Ağsaqqallar Şurasının üzvləri, TDT-nin baş katibi Kubanıçbek Ömurəliyev, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, eləcə də ictimai rəy liderləri, beynəlxalq təşkilatların prezidentləri və diplomatik missiyaların nümayəndələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Akademiyasından məlumat verilib
Açılış nitqi ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, TDT-nin baş katibi Kubanıçbek Ömurəliyev, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev və Şuraya üzv ölkələrin ağsaqqalları çıxış ediblər.
Akademik Şahin Mustafayev çıxışında 2021-ci ildə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə qəbul edilmiş “Türk Dünyası 2040 Baxışı” sənədinə daxil edilmiş ortaq türk əlifbası və terminologiyasının inkişafı istiqamətində Akademiya tərəfindən görülən işlər barədə məlumat verib.
Şahin Mustafayev qeyd edib ki, bu istiqamətdə aparılan araşdırmalar çərçivəsində Beynəlxalq Türk Akademiyası tərəfindən TDT Katibliyinin koordinasiyası ilə Türk Dövlətləri Təşkilatının dil siyasətinə cavabdeh olan dövlət qurumlarının nümayəndələrinin və onların tövsiyə etdiyi dil mütəxəssislərinin rəsmi təyinatı ilə Birgə Əlifba Komissiyası yaradılıb. 2023-cü il mayın 29-da Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə Atatürk adına Mədəniyyət, Dil və Tarix Ali Qurumunun nəzdində Birgə Əlifba Komissiyasının Birinci Toplantısı keçirilib.
İclasda Ağsaqqallar Şurasının üzvləri Qazaxıstanda keçiriləcək TDT sammitinin gündəliyi və alınacaq qərarlarla bağlı rəy və təkliflərini bölüşüblər.