Akademik Tofiq İsmayılovun 90 illik yubileyi qeyd olunub
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyində görkəmli alim, ictimai və dövlət xadimi, akademik Tofiq İsmayılovun 90 illik yubileyi qeyd olunub. Tədbir iştirakçıları akademik Tofiq İsmayılovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
AZƏRTAC xəbər verir ki, Milli Aerokosmik Agentliyinin Birləşmiş Elmi-Texniki Şurasının xüsusi iclasında agentliyin baş direktoru professor Natiq Cavadov, baş direktorun birinci müavini professor Tofiq Süleymanov akademik Tofiq İsmayılovun həyat yolundan, elmi və ictimai fəaliyyətindən danışıblar. Qeyd olunub ki, T.İsmayılovun rəhbərliyi ilə 88 elmlər namizədi və 6 elmlər doktoru hazırlanıb.
Professor Tofiq Süleymanovun məruzəsi Tofiq İsmayılova həsr olunmuş slaydlarla müşayiət olunub.
Sonra Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova çıxış edərək Tofiq İsmayılovun qısa ömrü ərzində böyük işlərə imza atdığını vurğulayıb. Qeyd edib ki, 1978-ci ildə T.İsmayılov Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. L.Məmmədova görkəmli alimin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir neçə təklif irəli sürüb.
Tədbirdə yazıçı, şair, o cümlədən “Əlvida söyləmədən...” kitabının müəllifi Sevinc Ağa Xəlilqızı da çıxış edib. O bildirib ki, faktlar və sənədlər əsasında yazılmış “Əlvida söyləmədən...” kitabını sənədli povest adlandırmaq olar. Kitabda 1918-ci ilin mart hadisələri, Qarabağ hadisələri, 1991-ci il noyabrın 20-də baş vermiş Qarakənd faciəsi öz əksini tapıb.
Agentliyin Geofiziki proseslərin kosmik monitorinqi şöbəsinin rəisi texnika üzrə fəlsəfə doktoru Rafiq Ağamalıyev akademik Tofiq İsmayılovla bağlı xatirələrini bölüşüb, onun yüksək idarəçilik xüsusiyyətləri olduğunu qeyd edib.
Tədbirdə çıxış edən müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov vurğulayıb ki, Tofiq İsmayılov SSRİ miqyasında tanınan görkəmli şəxsiyyətlərdən olub. Ötən əsrin 90-cı illərində bu müəssisə də tənəzzül dövrünü yaşadı, çoxsaylı layihələrin maliyyələşdirilməsi dayandırıldı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu sahədə də irəliləyiş yarandı. Hazırda akademik T.İsmayılovun başladığı işi gənclər uğurla davam etdirir.
Agentliyin Süni intellekt sistemləri şöbəsinin rəisi texnika üzrə fəlsəfə doktoru, şair-qəzəlxan Əli Əmirov (Ələmi) Tofiq İsmayılovun gördüyü işlərdən danışıb və “Düymələr” şeirini söyləyib.
Daha sonra şagirdlər Həmid Tağıyev və Murad Əhmədzadə vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər söyləyiblər və onlara agentliyin rəhbərliyinin təşəkkürnaməsi təqdim edilib.
Tədbirə yekun vuran agentliyin baş direktoru professor Natiq Cavadov ölkəmizdə kosmik tədqiqatlarla bağlı işlərin geniş vüsət aldığını, ölkə rəhbərinin bu sahəyə diqqət və qayğı göstərdiyini vurğulayıb.
Daha sonra qonaqlar agentliyin nəzdində fəaliyyət göstərən Tofiq İsmayılov adına muzeylə tanış olublar.