DÜNYA
Akina-Andhoy dəmir yolu xətti istifadəyə verilib
![Akina-Andhoy dəmir yolu xətti istifadəyə verilib](/files/2021/1/1200x630/16106214681315135949_1200x630.jpg)
Aşqabad, 14 yanvar, AZƏRTAC
Əfqanıstanın Akina və Andhoy stansiyaları arasındakı 30 kilometrlik dəmir yolu xəttinin təntənəli açılışı keçirilib.
AZƏRTAC Türkmənistan XİN-ə istinadla xəbər verir ki, tədbirdə Türkmənistan və Əfqanıstanın dövlət başçıları, hökumət üzvləri, iki ölkənin bir sıra nazirlik və idarələrinin, ictimai təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər.
Layihə barədə “Türkmən Dəmir Yolları”nın sədri A.Atamuradov və Əfqanıstan Dəmir Yolları İdarəsinin rəhbəri Məhəmməd Yamma Şəms mərasim iştirakçılarına məlumat veriblər. Bildirilib ki, Akina-Andhoy dəmir yolu xətti Asiya beynəlxalq dəmir yolu nəqliyyat dəhlizinin bir hissəsidir və Lazurit dəhlizinin (Lapis-Lazuli) əsas hissələrindən biri olmalıdır. Qeyd edilib ki, dövlət başçısının təşəbbüsü ilə bu və digər marşrutlar həm Türkmənistanın, həm də bütün regionun nəqliyyat-tranzit potensialının artırılmasına, səmərəli ticarət-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə kömək edir.
Dəmir yolu xəttinin açılışı Akina stansiyasından Türkmənistandan ilk ixrac məhsulları ilə dolu 20 vaqondan ibarət qatar yola salınıb.
Xatırladaq ki, Türkmənistan Sənaye və Kommunikasiya Nazirliyinin “Türkmən Dəmir Yolları” ilə Əfqanıstanın Dəmir Yolları İdarəsi arasında Akina-Andhoy dəmir yolu xəttinin tikintisi üzrə qarşılıqlı anlaşma memorandumu 2019-cu ilin fevralında Aşqabadda keçirilmiş ikitərəfli danışıqların yekunlarına əsasən imzalanıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad