“AKKORD” ŞİRKƏTİNİN İNŞA ETDİYİ KÖRPÜ-TUNEL KOMPLEKSİ SINAQDAN ÇIXDI
“Akkord” Şirkətlər Qrupundan AZƏRTAC-a bildirmişlər ki, qurumun inşa etdiyi körpü-tunel kompleksində sınağın nəticələri müsbət olmuşdur.
Məlum olduğu kimi, “Akkord” 2006-cı il avqustun 4-dən başlayaraq Nəqliyyat Nazirliyinin sifarişi ilə paytaxtın Heydər Əliyev, Babək və Şah İsmayıl Xətai prospektlərinin kəsişdiyi yerdə körpü-tunel kompleksinin tikintisini həyata keçirir. Kompleksin layihəsinə 4 yolötürücüsü ilə bərabər 2 tunelin, Babək prospekti boyunca uzanan yolötürücülərdən birinin üzərində piyadaların hərəkətini tənzimləyəcək hissənin tikintisi, həmin ərazidən keçən dəmiryol körpüsünün yenisi ilə əvəz edilməsi daxildir.
Cari il iyulun 10-da Təbriz küçəsi ilə Heydər Əliyev prospekti istiqamətində 4 nömrəli yolötürücü və “Excelsior” mehmanxanası yanında yerləşən 2 nömrəli tunel istifadəyə verilmişdir. Artıq körpü-tunel kompleksinin digər hissələri də təhvil verilmək üçün hazırdır, yolötürücü və 1 nömrəli tuneldə son tamamlama işləri həyata keçirilir. Körpü kompleksinin sınaqdan çıxarılması prosesi də uğurla həyata keçirilmişdir. Sınaq prosedurlarını Rusiyanın “İMİDİS İnstitutu” QSC həyata keçirmişdir. Mütəxəssislər bütün sınaqların nəticəsini uğurlu hesab edərək, körpü kompleksinin standartlara cavab verdiyini və istifadəyə tam yararlı olduğunu bildirmişlər.
Kompleksin sərt qış aylarında donmasının qarşısını almaq üçün körpü respublikada ilk dəfə tətbiq olunan texnologiya əsasında xüsusi isitmə sistemi ilə təchiz edilmişdir. Yeni sistem havanın temperaturu 0-4 dərəcə arasında dəyişdikdə avtomatik olaraq işə düşür, temperatur yüksəldikdə isə, öz funksiyasını dayandırır.
Kompleksi digərlərindən fərqləndirən əsas cəhətlərdən biri də onun tikintisində təmiz qranitdən istifadə olunmasıdır.
Körpünün ətrafındakı bütün ərazi yaşıllaşdırılmışdır.
######
![]() |
![]() |

