“Ali Məhkəmənin Bülleteni” dövri elmi nəşrlərin siyahısına daxil edilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Ali Məhkəməsinin nəşri olan “Ali Məhkəmənin Bülleteni” Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Ali Məhkəmənin Bülleteni”ndə dərc edilən məqalələrin hüquq elmləri sahəsini əhatə etdiyi nəzərə alınaraq, “dövri elmi nəşrlərin siyahısı”nın “hüquq elmləri” bölməsində təqdim olunub.
Bülletendə əsasən hüququn müxtəlif sahələri üzrə praktiki və nəzəri məsələlər üzrə aparılan araşdırmalar və onların nəticələri, hüquq tətbiqetmə zamanı qarşıya çıxan problemlər və onların həlli yollarına dair tədqiqatların əks olunduğu məqalələr dərc edilir. Eyni zamanda, Bülletendə Ali Məhkəmənin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktları da oxucuların diqqətinə çatdırılır.
“Ali Məhkəmənin Bülleteni”ndə məqalə dərc etmək arzusunda olan şəxslər rəsmi veb-səhifədə “Vətəndaşlar üçün” bölməsinin “Məqalə qəbulu” altbölməsinə keçid edərək şərtlərlə tanış ola bilərlər.
Qeyd edək ki, 2024-cü ilin iyun ayında Beynəlxalq Serial Nəşrlərin Qeydiyyatı Mərkəzi tərəfindən Ali Məhkəmənin Bülleteninə Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN 3007-2557) ilə bağlı sertifikat verilib. Həmçinin Bülletendə dərc edilən hər bir məqalə üçün Rəqəmsal Obyekt İdentifikatoru (DOI-Digital Object Identifier) alınıb.
Xatırladaq ki, məqalələr Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər"ə və Ali Məhkəmənin müəlliflər üçün “Məqalə qəbulu qaydaları”na uyğun hazırlanmalıdır.