ALİ MƏKTƏBLƏRİN MAGİSTRATURASINA SƏNƏD QƏBULU BAŞLANIR
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, bu il respublikanın 38 ali məktəbinin (onlardan 25-i dövlət, 13-ü isə özəl ali məktəblərdir) magistr pilləsinə Azərbaycan bölməsi üzrə 3085, rus bölməsi üzrə 673, birgə müsabiqə aparılan ixtisaslar üzrə isə 602 yer ayrılmışdır. Plan yerlərinin 1737-si ödənişsiz, 2623-ü isə ödənişli əsaslarladır.
Ali məktəblərin builki məzunları sənədlərini bilavasitə təhsil aldıqları ali məktəbdə yaradılmış sənəd qəbulu komissiyasına (SQK), əvvəlki illərin məzunları isə qəbul olmaq istədikləri ali təhsil ocaqlarından birində yaradılmış SQK-ya təqdim edirlər. Xarici ölkələrin vətəndaşları və xaricdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları sənədlərini TQDK-da fəaliyyət göstərən SQK-ya təqdim edirlər.
Bakalavrlar SQK-ya aşağıdakı sənədləri təqdim edirlər: bakalavr təhsilini bitirmək haqqında diplomun əslini (builki məzunlar bakalavr pilləsini bitirmələri haqqında arayışı); məzunu olduqları təhsil müəssisəsindən bitirdikləri ixtisasın şifrini və onun aid olduğu istiqamətin şifrini, həmçinin, orta qiymət balını göstərən arayışı; şəxsiyyət vəsiqəsini; hərbi bilet və ya çağırışçı vəsiqəsini (1971-1989-cu il təvəllüdlü gənclər); yeni çəkilmiş, hamısı eyni olan 3x4 sm ölçüdə dörd ədəd fotoşəklini.
Tələb olunan sənədlərlə yanaşı, məzunlar SQK-ya məzunu olduqları təhsil müəssisəsindən bitirdikləri ixtisasın və onun aid olduğu istiqamətin şifri qeyd olunmuş vahid formalı arayış təqdim etməlidirlər.
Xarici ölkələrin vətəndaşları və xaricdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Təhsil Nazirliyindən diplomlarının tanınmasını təsdiq edən, həmçinin, aldıqları ixtisasın və onun aid olduğu istiqamətin şifri göstərilmiş arayış təqdim etməlidirlər.
İkinci magistr təhsili almaq istəyənlər və xarici dövlətlərin vətəndaşları yalnız təhsili ödənişli əsaslarla olan ixtisasları seçə bilərlər.
Hər bir bakalavr müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsil forması ödənişsiz və ödənişli olan 5-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar imtahanın məzmununu təyin edən eyni bir qəbul proqramı çərçivəsində, bakalavrın bitirdiyi ixtisasa müvafiq olmalıdır. Bakalavrlar həmin proqramlarla “Abituriyent” jurnalının “Magistr №1” xüsusi buraxılışında tanış ola bilərlər.