Allahverdi Rüstəmov: Azərbaycanda kyokşin karate sürətlə inkişaf edir
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycanda idmana və idmançılara göstərilən yüksək diqqət və qayğı nəticəsində idmanın digər növləri kimi, kyokşin karate də sürətlə inkişaf edir.
Bu sözləri Azərbaycan Kyokşinkay Karate Federasiyasının vitse-prezidenti və Beynəlxalq Şinkyokşin Federasiyasının Azərbaycandakı nümayəndəsi, altıncı dan qara kəmər ustası Allahverdi Rüstəmov AZƏRTAC-a müsahibəsində deyib.
“Kyokşin karate idman növü dünyada 1954-cü ildən etibarən yayılmağa başlayıb. Bu idman növünün yaradıcısı yaponiyalı Mosutatso Oyama karatenin sirlərinə dərindən yiyələndikdən sonra onun təbliğinə başlayıb. Hesab edirəm ki, kyokşin karate dünyada ən çətin və ağır idman növlərindən biridir. Beynəlxalq Kyokşinkaykan Təşkilatı (İKO) 1964-cü ildə rəsmən yaradılıb. Kyokşin karate Azərbaycanda 1993-cü ildən etibarən populyarlaşmağa və inkişaf etməyə başlayıb. Mən idmanın bu növünün sirlərinə Rusiyada yiyələnmişəm və həmin vaxt Qarabağ müharibəsi ilə əlaqədar Vətənə qayıtdım. Ulu öndər Heydər Əliyevin ölkəmizə hakimiyyətə gəlişindən və cəbhədə atəşkəs elan edildikdən sonra Bakıda kyokşin karatenin təbliğinə başladım”, - deyə A.Rüstəmov diqqətə çatdırıb.
Hazırda Azərbaycanın bir çox bölgələrində idmanın bu növünün inkişaf etdiyini vurğulayan müsahibimiz beynəlxalq arenalarda idmançılarımızın nailiyyətlər qazanmalarının və bayrağımızı ucaltmalarının kyokşin karatenin ölkəmizdə yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib. Bildirib ki, cari ildə Astanada Dünya Karate Təşkilatı (WKO) tərəfindən keçirilən dünya çempionatında təmsilçimiz Səlahət Həsənovun fəxri kürsünün ən yüksək pilləsinə qalxması kyokşinin Azərbaycanda sürətli inkişafının təzahürüdür. Bu yarışda bütün qitələrdən ən güclü idmançılar mübarizə aparırdılar. Çempionatda səkkiz çəki dərəcəsindən yeddisində yaponiyalı idmançılar qalib gəldilər. Bir çəki dərəcəsində isə Azərbaycanın bayrağı ən yüksəyə qalxdı. Bu, bizim üçün fəxrdir. Bundan başqa, Polşada keçirilən Avropa çempionatında Eltac Hümbətov qızıl, Turan Şirinov və Solmaz Zeynallı bürünc medal qazandılar. Son olaraq, dekabrın 9-da Ümumdünya Karate İttifaqı (KWU) tərəfindən keçirilən dünya çempionatında Emin İsmayıllı və Valeh Cəfərov bürünc medala sahib oldular. Düşünürəm ki, bu son yarışda daha çox medal qazana bilərdik. Lakin hakimlərin ədalətsiz qərarları bizim ən azı əlavə iki bürünc medal qazanmağımızın qarşısını aldı.
Qeyd olunub ki, qazanılan nailiyyətlərdən sonra artıq Azərbaycan kyokşin idman növü üzrə dünyada güclü ölkə kimi tanınır. Bu ilin sonunda müxtəlif yaş qruplarında respublika çempionatı keçiriləcək. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğının nəticəsində ölkəmizdə idmanın digər növləri kimi, kyokşin də inkişaf edir. Bizim üzərimizə düşən vəzifə bu idman növünü daha geniş yaymaq, onu gənclərimizə aşılamaqdır ki, gənclərimiz sağlam böyüsün və beynəlxalq arenalarda dövlət bayrağını yüksəklərə qaldırsınlar.
“Gələn il də beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etməyə çalışacağıq. 2018-ci ilin sonunda karatenin “full kontakt” versiyası üzrə Yaponiyada beynəlxalq yarışa qatılacağıq. Respublika birinciliyində uşaq və yeniyetmələr arasından döyüş texnikası daha yüksək olan idmançıları seçərək yığma komandanın təlim-məşq toplanışına cəlb edirik. Qarşıdakı illərdə federasiyanın prezidenti Natiq Heydərovun, Gənclər və İdman Nazirliyinin razılığı ilə beynəlxalq yarışların Azərbaycanda keçirilməsində namizədliyimizi irəli sürməyi nəzərdə tuturuq. Dünya Karate Təşkilatının kyokşinin və full kontaktın Olimpiya Oyunlarının proqramına daxil edilməsinə çalışır. Bu isə bizi daha böyük uğurlar qazanmağa həvəsləndirir”, - deyə A.Rüstəmov diqqətə çatdırıb.