Alman-Azərbaycan Xarici Ticarət Palatası üzv şirkətləri üçün növbəti “AHK İmpuls” tədbiri keçirib
Bakı, 2 iyul, AZƏRTAC
Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”) üzv şirkətləri üçün növbəti “AHK İmpuls” tədbiri keçirib.
“AHK Azərbaycan”ın icraçı direktoru Tobias Baumannın açılış nitqindən sonra “Ameco” MMC-nin laborator avadanlıq üzrə mütəxəssisi Səbinə Qafarova yeni ekspres “COVID-19” anticisim testlərini təqdim edib və koronavirusun yayılmasına qarşı təsirli bir yol kimi hər kəs üçün testlərin əlçatan olmasının əhəmiyyətini vurğulayıb.
Sonra tədbirin fəxri qonağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov “Azərbaycanda sosial müdafiəyə yeni yanaşma” mövzusunda çıxış edib.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, H.Məmişov fondun fəaliyyət istiqamətləri, əhalinin sosial müdafiəsi, o cümlədən pensiya təminatı sistemlərinin gücləndirilməsi istiqamətində atılan addımlar, sosial təminat sistemində şəffaflığın təmin edilməsi, səmərəliliyin artırılması məqsədilə görülən işlər barədə məlumat verib. O, eyni zamanda, sosial təminat sahəsində son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlar, əhaliyə göstərilən elektron xidmətlər və sözügedən sahənin təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş prioritet hədəflərdən danışıb.
Tədbirdə “e-sosial” portalının həm sosial sığorta sistemi, həm də vətəndaşlar üçün yaratdığı üstünlüklər vurğulanıb. Qeyd olunub ki, xidmətlərin rəqəmsallaşdırılması əhalinin bu xidmətlərdən asan və rahat şəkildə faydalanmasını təmin etməklə yanaşı, qurulmuş sistemin optimallaşdırılması imkanlarını daha da artırıb. Bundan başqa, sosial mediada vətəndaşların suallarının operativ cavablandırılması göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına böyük zəmin yaradıb.
COVID-19 pandemiyası zamanı vətəndaşlarla təmasın onlayn müstəvidə həyata keçirilməsindən də bəhs edilib.
H.Məmişov “AHK Azərbaycan” üzvlərinin suallarını cavablandırıb və Alman-Azərbaycan Xarici Ticarət Palatasına özəl sektor nümayəndələri ilə birbaşa dialoq imkanı yaratdığı üçün minnətdarlığını bildirib.