ALMAN EKSPERTLƏRİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİ TƏSDİQ ETMİŞLƏR
Almaniyada fəaliyyət göstərən N.Gəncəvi adına Azərbaycan Mədəniyyəti İnstitutundan AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Branderburq əyalətinin məktəb dərsliklərində, tarix kitablarında Dağlıq Qarabağ problemini və Azərbaycan həqiqətlərini təhrif etmədən işıqlandırmaq üçün buradakı Potsdam Dövlət Universitetinin dosentləri, soydaşlarımız, doktorlar Aydın Sultanov və Nuridə Atəşi universitetin baş professoru Vilfrid Furmanın rəhbərliyi ilə işçi qrupu yaratmışlar. Qrupun Qarabağ probleminin kökləri, tarix boyu Azərbaycan xalqına qarşı aparılmış soyqırımı siyasəti, 20 Yanvar, Xocalı faciələri haqqında topladığı təkzibolunmaz materiallar alman dilinə çevrilərək, Branderburq əyalətinin Minister Prezidentliyinə göndərilmişdir. Materialları araşdırmaq üçün Əyalət Hökuməti səviyyəsində işçi qrupu fəaliyyətə başlamışdır. Alman ekspertləri institutun direktoru Nuridə Atəşinin ünvanına göndərdikləri cavab məktubunda deyilir: ”Dağlıq Qarabağ problemini, onun köklərini dərindən araşdırmağa kömək edən materiallar nəticəsində artıq bizə sübut olundu ki, ermənilər tarix boyu Azərbaycan xalqına məxsus torpaqları qarət etmiş, imkan düşdükcə, bu xalqı soyqırıma məruz qoymuşlar. Bəli, ermənilərin törətdilkləri vəhşiliklər hələ 1905-ci ildən başlayaraq, bu günə qədər davam etməkdədir. Etiraf edək ki, bunlar iyirminci əsrin ən böyük soyqırımlarındandır. Bütün bu həqiqətlərin alman məktəb dərsliklərində işıqlandırılması, gələcək nəsillərə bizim ən müqəddəs borcumuz və vəzifəmizdir”.
Bu, Azərbaycan həqiqətləri barədə alman rəsmi dairələri tərəfindən ilk açıqlamadır.