Almaniya hökuməti internetdə nifrət təzahürləri ilə mübarizə aparır
Budapeşt, 14 aprel, AZƏRTAC
İnternetdə dözümsüzlük səviyyəsi elə bir həddə çatıb ki, bir sıra ölkələrdə buna müdaxilə etmək barədə qərar qəbul edilib. Bu gün sosial şəbəkələrdə ifadə olunan nifrət seli, sabah küçələrə də axa bilər. Keçmişdə etnik zəmində dözümsüzlüyün fəsadlarını almanlara xatırlatmaq belə artıqdır. Onları XX əsrdəki tarixi uzun müddət hamı üçün dərs və xəbərdarlıq olacaq. Bu tarix onu göstərib ki, nifrətlə hələ ilk mərhələdə mübarizə aparılmasa, bu, qaz kameraları və krematoriyalara gətirib çıxara bilər.
AZƏRTAC xəbər verir ki, Almaniya hökuməti internetdə nifrət yayanlarla ciddi mübarizə aparmağa qərar verib. “Şəbəkələrin tənzimlənməsi” haqqında Qanuna əsasən, texnologiya kompaniyaları sosial şəbəkələrdə nifrət statuslarını aradan qaldırmaq məsələsində məsuliyyət daşıyır. Əks halda, onlara 50 milyon avro cərimə tətbiq oluna bilər. Bu gün, təəssüf ki, onlar öz emosiyalarını cilovlaya bilməyən sosial şəbəkə istifadəçilərinin hesablarını bloklamağı özləri həll edirlər.
Almaniyanın koalisiya hökuməti internetdə nifrət və təhdid ehtiva edən kontentlər üzərində nəzarəti sərtləşdirmək istəyir. Bunun üçün düşmənçilik statusları yayan istifadəçilər məhkəmə qərarı ilə bloklana, yaxud qanunu pozan şəxsin və qrupların sosial şəbəkələrdə adlarının açıqlanması məqsədilə kompaniyalara məcburiyyət tətbiq edilə bilər.
Almaniyanın Ədliyyə Nazirliyi “rəqəmsal zorakılığa qarşı qanunun” əsas müddəalarını müəyyən edib. Təklif olunan plan “rəqəmsal məkanda hüquqların açıq-aşkar pozulması” əleyhinə yönəlib. Bu siyahıya, xüsusən dəfələrlə ölüm təhdidi göndərən və ya irqçi şərhlər yayan internet istifadəçiləri daxildir. Qanunda onların şəxsiyyətini müəyyən etmək üçün yardımla bağlı xüsusi hallar da nəzərdə tutulub. Hər hansı hesabın bloklanması müddəti müəyyən edilməli və ciddi qanun pozuntularına uyğun olmalıdır. Lakin son qərarı məhkəmələr verəcək.
Bundan başqa, internet hesabı yalnız o halda bloklanacaq ki, digər variantlar səmərə vermir. Məsələn, statusun silinməsi qanunu pozanı sonrakı bu cür şərhlərdən imtina etməyə məcbur etmir və bu hal təkrar davam edir. İnternet hesabının sahibi əvvəlcə onun akkauntunun bloklanması barədə məlumatlandırılacaq və insidentin şərh edilməsi imkanı əldə edəcək. Onun profili həmişəlik silinməyəcək, plana görə, yalnız müəyyən müddətə bloklanacaq.
BMJ planına əsasən, istifadəçinin məlumatları - IP ünvanı, gələcəkdə hökumət orqanlarına veriləcək. Məlumatların mübadiləsi xidmətləri, sosial şəbəkə kompaniyaları, telekommunikasiya şirkətləri şəbəkə operatorları ilə yanaşı IP adresinin kimin tərəfindən istifadə olunmasını aydınlaşdırmaq üçün məsuliyyət daşıyacaq. Lakin kompaniyanı bu informasiyanı açıqlamağa məcbur etmək üçün məhkəmə qərarı lazım olacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt