Almaniya hökuməti Silahlı Qüvvələrin döyüş hazırlığının artırılmasına dair qanun paketini təsdiqləyib
Berlin, 1 iyul, AZƏRTAC
Almaniya hökuməti Silahlı Qüvvələrin (Bundesver) operativ hazırlığını artırmaq məqsədilə bir sıra qanundan ibarət paketi təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanunlar paketi ehtiyat qüvvələrin daha çevik və zəruri hallarda məcburi qaydada xidmətə cəlb edilməsini, eyni zamanda, hərbi infrastrukturun tikintisi və genişləndirilməsi üçün planlaşdırma və icazə prosedurlarının sürətləndirilməsini nəzərdə tutur. Belə ki, hərbi obyektlərin tikintisinin sürətləndirilməsi üçün daşınmaz əmlak və ətraf mühit qanunvericiliyində xüsusi istisnalar tətbiq ediləcək.
Bununla yanaşı, hərbi xidmətin cəlbediciliyinin artırılması və Bundesverin NATO öhdəliklərini daha effektiv yerinə yetirməsi üçün əlavə tədbirlərin həyata keçirilməsi də əksini tapıb. Sənədlərə əsasən, Bundesverin ehtiyat qüvvələrinin üzvləri gələcəkdə təlimlərə məcburi qaydada cəlb oluna biləcəklər. Hazırda isə ehtiyatda olan hərbi qulluqçular yalnız özlərinin və işəgötürənlərinin razılığı ilə hərbi təlimlərdə iştirak edirlər.
Almaniya Müdafiə Nazirliyində keçirilən Nazirlər Kabinetinin iclasında NATO-nun Baş katibi Mark Rutte də iştirak edib.