ALMANİYADA TERRORİZMƏ QARŞI MÜBARİZƏ VƏ NARKOTİK MADDƏLƏRƏ NƏZARƏT STRATEGİYASI HƏYATA KEÇİRİLİR
AZƏRTAC-ın xüsusi müxbirinin Federal hökumətə istinadla verdiyi xəbərə görə, narkobiznesçilər hazırda dünyanın müxtəlif ölkələrindən Avropaya yük və sərnişin daşıyan bütün nəqliyyat vasitələri ilə daxil olurlar. Bu yollarda yoxlama və gömrük nəzarətinin zəif aparılması terrorçuların və narkobizneslə məşğul olan cinayətkar qruplaşmaların əl-qol açmasına əlverişli imkan yaradır.
Martın 1-dən həyata keçirilən yeni strategiyaya əsasən, Almaniya hökuməti yerli polis və gömrük xidməti qüvvələrini müasir texniki avadanlıqla təmin edərək, təlimatlandırmış, hava limanlarında və sərhəd tranzit keçid məntəqələrində nəzarət və yoxlama əməliyyatlarını sərtləşdirmişdir. Hazırda ölkəyə gələn və gedən hər kəs, kimliyindən asılı olmayaraq, sərt yoxlamaya cəlb olunur.
Hüquq mühafizə orqanları narkotik vasitələr alverçiləri və aludəçilərini birləşdirən cinayətkar dəstələrin Almaniya ərazisində çoxdan kök salmış mərkəzlərinin müəyyənləşdirilməsi və dağıdılmasına yönəldilmiş əməliyyatlarını davam etdirirlər.
Federal hökumətin məlumatına görə, hüquq mühafizə orqanlarının martın 2-də Almaniyanın səkkiz və qonşu Hollandiyanın bir şəhərində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 18 narkobaron tutulmuşdur. Onlara məxsus 60 evdən, çoxsaylı klub və gecəqondu barlarından külli miqdarda narkotik vasitə, silah və valyuta müsadirə olunmuşdur. Narkobiznesin kök saldığı bu təhlükəli mərkəzlərdə şəxsiyyəti müəyyənləşdirilmiş cinayətkar dəstələr aşkarlanaraq həbs olunmuşlar.
Bu ölkədə beynəlxalq terrorizmin tərkib hissələrindən biri olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində qəti və sərt tədbirlər davam etdirilir.