Almaniyanın “Bayern LB” bankı Azərbaycanda ekoloji layihələri maliyyələşdirmək niyyətindədir
Bakı, 10 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Almaniyanın “Bayern LB” bankının Qərbi Avropa və MDB üzrə direktoru Elke Wurth-Weis və bankın Moskva nümayəndəliyinin rəhbəri Eugen Desch ilə görüş keçirilib.QSC-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə müəssisənin baş direktor müavini Rəşad İsmayılov “Ekol Mühəndislik Xidmətləri” haqqında qonaqlara ətraflı məlumat verib. Elke Wurth-Weis isə təmsil etdiyi bank haqqında təqdimatla çıxış edərək bildirib ki, “Bayern LB” Almaniyada fəaliyyət göstərən ilk altı bank sırasındadır. Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən bankın illik dövriyyəsi 250 milyard avrodur. “Bayern LB”-in Rusiyadakı partnyorları “Qazprombank”, “Vneşekspressbank”, Azərbaycandakı partnyorları Azərbaycan Beynəlxalq Bankı, “Paşabank” və “Accessbank”, biznes partnyorları isə SOCAR və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətidir.
E.Wurth-Weis qeyd edib ki, “Bayern LB” bankı Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir. Ötən dövr ərzində bank Sumqayıt Elektrik və Qazoturbin stansiyalarının, həmçinin hospitalın tikintisinin maliyyələşdirilməsində iştirak edib.
Bankın nümayəndəsi bildirib ki, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Azərbaycanda prioritet ekoloji layihələr həyata keçirdiyi barədə məlumatlıdırlar. Bu görüşün əsas məqsədi də QSC-nin ekoloji layihələrin icrasında istifadə edəcəyi və Avropa ölkələrindən, xüsusilə Almaniyadan alınacaq qurğu və avadanlıqların “Bayern LB” bankı tərəfindən maliyyələşdirilməsini təklif etməkdir.
R.İsmayılov “Bayern LB” bankının potensial imkanları barədə geniş məlumata, QSC-nin ekoloji layihələri üçün qurğu və avadanlıqlar alınmasına maliyyə dəstəyinə dair təklifə görə qonağa təşəkkürünü bildirib.
Sonra təklif ətrafında müzakirələr aparılıb və sual doğuran məsələlərə aydınlıq gətirilib. Tərəflər razılaşıblar ki, məsələ QSC rəhbərliyi və mütəxəssislərin iştirakı ilə geniş təhlil olunduqdan sonra qarşılıqlı əlaqələr yaradılsın və yekun qərar qəbul edilsin.