Almaniyanın Saksoniya-Anhalt əyalətində parlament seçkilərində ifrat sağçı AfD partiyası qalib gəlib
Berlin, 7 sentyabr, AZƏRTAC
Almaniyanın Saksoniya-Anhalt əyalətində parlament (Landtaq) seçkilərində ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası böyük fərqlə qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, AfD beş il əvvəlki seçkilərdən sonra öz nəticələrini iki dəfədən də çox yaxşılaşdıraraq 44 faiz səslə birinci olub. Hazırkı Kansler Fridrix Mertsin partiyası – Xristian Demokratlar Birliyi (CDU) bu müqayisədə səslərinin təxminən yarısını itirərək 17,4 faizlə ikinci olub. Sosial Demokratlar Partiyası (SPD) 9,2, Sol Partiya 8,6, Yaşıllar Partiyası cüzi artımla 8,9 faiz səs toplayıb. Sahra Vaqenknext İttifaqı (BSW) 5,1 faiz səs yığa bilib. İndiyədək əyalət hökumətində təmsil olunan Azad Demokratlar Partiyası (FDP) isə 2,5 faiz səslə əyalət parlamentinə daxil olmaq üçün tələb olunan həddi keçə bilməyib.
Hazırkı hesablamalara görə, AfD təkbaşına hökumət qurmaq üçün lazım olan mandat çoxluğunu əldə edə bilməyib. Bunun üçün partiyanın koalisiya tərəfdaşına ehtiyac duyacaq. Digər əsas partiyalar AfD ilə koalisiyanı rədd edir. BSW isə konkret məsələlər üzrə AfD ilə əməkdaşlığa açıq olduğunu bəyan edib. Saksoniya-Anhaltda AfD-nin əsas namizədi Ziqmund partiyanın rəhbərlik edəcəyi azlıq hökuməti variantını istisna edib. BSW-nin əsas namizədi Klaudiya Vittiq isə seçkidən sonra AfD ilə konkret məsələlər üzrə əməkdaşlığa açıq olduğunu bildirib.
Bu seçkilərdə yüksək seçici fəallığı müşahidə olunub. Əyalətdə səsvermə hüququna malik 1,7 milyon seçicidən 76,5 faizi seçkilərdə iştirak edib. Sonuncu seçkidə bu göstərici 60 faiz olub.