Almatıda “Xoca” filminin təqdimatı keçirilmişdir
Almatı, 25 fevral (AZƏRTAC). Qazaxıstan Azərbaycanlıları İctimai Birliyi (QAİB) Beynəlxalq “Türkel” Fondu ilə birgə Almatıda “Bakıfilm” kinostudiyasının istehsalı olan “Xoca” bədii filminin təqdimat mərasimini keçirmişdir. Mərasimində Qazaxıstan Prezidenti mətbuat xidmətinin Almatı bürosunun rəhbəri, professor Valeri Jandauletov, Almatıdakı diasporumuzun fəalları, KİV təmsilçiləri və Qazaxıstan universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
“Türkel” Fondunun rəhbəri Hökümə Xəlilova Xocalının dinc əhalisinə qarşı törədilmiş soyqırımından danışmış, faciənin dünya ictimaiyyətinə çatdırılmasında “Xoca” filminin əhəmiyyətini vurğulamışdır. “Türkel” qəzeti və “Altın körpü” jurnalının baş redaktoru, filologiya elmləri namizədi Ramiz Məşədihəsənli Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. O ancaq Xocalı faciəsi deyil, digər faciələrimizlə bağlı sənədli və bədii ekran əsərlərinin çəkilməsi zəruriliyindən danışmışdır. Valeri Jandauletov bildirmişdir ki, 21 il bundan əvvəl Xocalıda baş vermiş bu qanlı qırğın zamanı dinc əhali - qocalar, qadınlar, uşaqlar, hətta südəmər körpələr amansızlıqla qətlə yetirilmişdir. Bu, insanlığa sığmayan bir cinayətdir və gec-tez cinayətkarlar öz layiqli cəzalarını alacaqdır. Sonra o, sovet imperiyasının soyqırımı siyasəti haqqında danışmış, 1986-cı il dekabrın 16-da Almatı hadisələrini yada salmışdır.
Sonra QAİB sədrinin birinci müavini, ədliyyə polkovnik-leytenantı İsahət Şirinov çıxış edərək filmin daha geniş auditoriyada nümayiş etdirilməsi təklifini irəli sürmüşdür. Onun sözlərinə görə, filmin təqdimatında iştirak edən azərbaycanlı tələbələrin çoxu Xocalı faciəsindən sonra anadan olduqları üçün ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən ya tam xəbərsizdirlər, ya da məlumatları azdır.
Mərasim iştirakçıları faciə ilə bağlı fotostendə, kitab və jurnallardan ibarət sərgiyə də baxmışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı