Altı ay ərzində 3 mindən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun beynəlxalq hüquq şöbəsi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə layihə çərçivəsində vətəndaşlara ödənişsiz hüquqi məsləhətlərin verilməsi davam edir.
Layihənin koordinatoru Samir Osmanov AZƏRTAC-a bildirib ki, 2019-cu ilin ilk 6 ayı ərzində hüquqi yardım almaq üçün müraciət edən vətəndaşların ümumi sayı 3204 nəfər olub.
Ötən 6 ay ərzində həssaslıq qrupuna görə istifadəçilərin xarakteristikası göstərir ki, onların əksəriyyəti (1387 nəfər) aztəminatlı ailələr qrupuna mənsubdur. Növbəti çoxluq təşkil edənlər isə məcburi köçkünlər və əlillərdir.
Cari ilin birinci yarısında 3238 müxtəlif hüquqi məsələ ilə bağlı vətəndaşlara pulsuz hüquqi yardım göstərilib. Ən çox müraciət edilən mövzuların bölgüsü göstərir ki, əksər istifadəçilərin problemləri (24 faiz) əmlak hüququ məsələləri ilə bağlı olub. Bu ardıcıllıq inzibati hüquq münasibətləri və nikahın pozulması, aliment, uşağın kimin himayəsində qalması kimi ailə hüquq məsələləri ilə davam etdirilir. Həmçinin bir sıra sahələr, o cümlədən borc, vərəsəlik, pensiya, sosial yardım, istehlakçı hüquqları, nəqliyyat məsələləri və s. üzrə hüquqi məsləhət xidmətləri göstərilib.
Toplanılan məlumatlar göstərir ki, istifadəçilərin əksəriyyəti (1660 nəfər) “facebook” vasitəsilə hüquqi məsləhət alıb.
Ötən 6 ay müddətində 693 istifadəçiyə Hüquqi Yardım Mərkəzində konsultasiya, 802 istifadəçiyə telefon, 31 istifadəçiyə onlayn müraciət forması, 18 istifadəçiyə isə elektron poçt vasitəsilə hüquqi yardım göstərilib.
İctimai məlumatlılığı artırmaq üçün layihənin 410 ədəd tanıtım broşürü və 510 ədəd hüquqi maarifləndirmə broşürü Hüquqi Yardım Mərkəzinə gələn vətəndaşlara və digər maraqlı tərəflərə paylanılıb.