AMEA Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə institutun direktoru, biologiya elmləri doktoru, professor Validə Əlizadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərində törətdikləri dəhşətli soyqırımı haqqında ətraflı məlumat vermişdir. O, XX əsrin ən qəddar kütləvi və amansız qırğın aktının erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı yeritdikləri etnik təmizləmə və soyqırımı siyasətinin bir səhifəsi olduğunu qeyd etmişdir. Faciə zamanı 613 insan, o cümlədən 106 qadın və 83 uşaq qətlə yetirilmiş, 1.275 nəfər əsir götürülmüş, onlardan 150 nəfərin taleyi hələ də məlum deyildir.
Bildirilmişdir ki, ilk dəfə olaraq ümummilli lider Heydər Əliyev tərəfindən Xocalı faciəsinə dövlət səviyyəsində siyasi qiymət verilmişdir.
Tədbirdə çıxış edənlər Xocalı faciəsinə hələ də dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilmədiyini diqqətə çatdırmış, faciəni həmin dövrdəki Azərbaycan rəhbərliyinin səriştəsizliyi ilə də əlaqələndirmişlər. Bildirilmişdir ki, xalqımız insanlığa sığmayan və tariximizin ən dəhşətli səhifələrindən birini təşkil edən bu faciəni heç zaman unutmayacaqdır.
Sonda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.