AMEA Naxçıvan Bölməsində “8 Noyabr - Zəfər bayramı” mövzusunda elmi konfrans keçirilib
Naxçıvan, 7 noyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsində “8 Noyabr - Zəfər bayramı” mövzusunda elmi konfrans keçirilib.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bölmə sədri, akademik İsmayıl Hacıyev elmi konfransı açıq elan edib. Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
İsmayıl Hacıyev Azərbaycanı Zəfər Gününə aparan tarixi yolu əhatə edən mühüm mərhələləri ardıcıllıqla şərh edib, Tükmənçay və Batum müqavilələrindən, Araz-Türk Respublikasının yaranmasından, Qarabağa muxtariyyət verilməsinin nəticələrindən, Birinci Qarabağ müharibəsindən, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi və hərbi gücünün artmasından danışıb. Həmçinin 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin xalq-dövlət-ordu birliyinin parlaq təzahürü olduğunu bildirib.
Sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Müzəffər Ali Baş Komandan İlham Əliyev və Vətən müharibəsi” mövzusunda məruzə edib. O, Prezident İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixində xalqa ilk müraciətindən başlayaraq, müharibə dövründə etdiyi çıxışların və verdiyi müsahibələrin xalqın ruh yüksəkliyinin qorunmasında mühüm rol oynadığını vurğulayıb.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutun baş elmi işçisi, tarix elmləri doktoru Zeynəb Quliyeva “İkinci Qarabağ müharibəsində xalq–dövlət–ordu birliyi” mövzusunda məruzə edərək, bu Qələbənin məhz Azərbaycan xalqının həmrəyliyi və Prezidentin qətiyyətli siyasəti nəticəsində əldə edildiyini vurğulayıb.
Həmin institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov “Diplomatiyadan müharibəyə: Azərbaycanın səbir siyasəti və dönüş nöqtəsi” adlı məruzəsində Ermənistanın uzun illər apardığı təxribat siyasətinə qarşı Azərbaycanın səbir və qətiyyətlə mövqe sərgilədiyini diqqətə çatdırıb. O, Aprel və Tovuz döyüşlərində Ordumuzun qazandığı uğurların 44 günlük müharibədəki Qələbəyə zəmin yaratdığını vurğulayıb.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Payızlı zəfərlərin poetik vəsfi” mövzusunda məruzə edib. O, Birinci Qarabağ müharibəsindən sonra ədəbiyyatda formalaşan “Qarabağ mövzusu”nun İkinci Qarabağ müharibəsindən sonra da daha güclü və çoxşaxəli şəkildə davam etdiyini bildirib. Elxan Məmmədov Aqil Abbasın “Dolu” romanından, Vaqif Yusiflinin “Qarabağ şeirimizdə, nəsrimizdə” monoqrafiyasından, Rahid Uluselin “Vətən müharibəsi və ədəbiyyatımız” əsərindən, Ramiz Qusarçaylının “Vətən” və “Şuşalı vətən” poemalarından, Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poemasından bəhs edərək, bu əsərlərin xalqımızın zəfər ruhunu ədəbiyyatda əks etdirən parlaq nümunələr olduğunu diqqətə çatdırıb.
Sonda Elxan Məmmədovun təqdimatında İlqar Fəhminin “Balaca kişilər” adlı şeiri slayd vasitəsilə səsləndirilib.