AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi illik hesabat verib
Bakı, 17 yanvar, AZƏRTAC
Ötən il AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin institutlarında 21 problem, 78 mövzu, 234 iş, 489 mərhələ üzrə tədqiqatlar aparılıb, 1 mövzu, 104 iş və 362 mərhələ tamamlanıb. Tibb müəssisələrində 32 problem, 144 mövzu (19-u tamamlanıb) və 301 işi (40-ı tamamlanıb) əhatə edən 479 (88-i tamamlanıb) mərhələ üzrə tədqiqatlar aparılıb. Hesabat ilində bölmənin institutları tərəfindən 1-i xaricdən olmaqla 8, aqrar tədqiqat və təhsil müəssisələrində isə 24 yerli və 4 xarici patent əldə edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə Biologiya və Tibb Elmləri Bölməsinin 2023-cü il üzrə hesabatına həsr olunmuş iclasında bölmənin Elmi şurasının sədri akademik İradə Hüseynova məlumat verib. İradə Hüseynova qeyd edib ki, hesabat dövründə “Qırmızı Kitab”ın III nəşri nəfis şəkildə çapdan çıxıb. O, yaradıcı kollektivin Ulu Öndərin şanlı yubileyinə dəyərli töhfəsi olan nəşrə nadir və itmək təhlükəsində olan 241 fauna növü (152 onurğalı, 89 onurğasız, 39 məməli, 78 quş, 18 sürünən, 11 balıq, 7 növ su onurğasızları, 82 həşərat, 6 amfibi növü) və 460 flora növü (423 bitki: 383 ali, 15 ali sporlu, 6 mamır, 14 şibyə, 5 yosun, 37 göbələk) daxil edildiyini diqqətə çatdırıb.
Bildirilib ki, hesabat dövründə bölmə institutları tərəfindən 1244 elmi əsər, o cümlədən 10 kitab (3-ü xaricdə), 15 monoqrafiya (2-si xaricdə), 511 məqalə (293-ü xaricdə, onlardan 228-i impakt faktorlu jurnallarda, 91-i “Web of Science” və “Scopus” bazalarında), 708 tezis (154-ü xaricdə) nəşr olunub. Əməkdaşların əsərlərinə 3288 istinad edilib. Bölmədənkənar tibb yönümlü müəssisələr tərəfindən 1233 elmi əsər, o cümlədən 5 kitab (2-si xaricdə), 28 monoqrafiya (1-i xaricdə), 1383 məqalə (549-u xaricdə, onlardan 196-sı “Web of Science” və “Scopus” bazalarından olan jurnallarda), 2193 tezis (495-i xaricdə) nəşr olunub, elmi əsərlərə 783 istinad edilib.
Vitse-prezident hazırda bölmənin 16 gənc mütəxəssisinin tanınmış xarici universitetlərdə doktorantura təhsili aldığını söyləyib.
Bundan başqa, hesabatda elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, kadr hazırlığı, müəssisələrdə fəaliyyət göstərən beynəlxalq laboratoriyalar, elektron elmin vəziyyəti, keçirilmiş konfranslar, seminarlar və yubileylər, təltiflər və s. barədə məlumat verilib.
Məruzə ətrafında müzakirələr aparılıb, Biologiya və Tibb Elmləri Bölməsinin 2023-cü ildəki fəaliyyəti qənaətbəxş hesab edilib.