ELM VƏ TƏHSİL
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru beynəlxalq konfransda məruzə ilə çıxış edib
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev Gürcüstanın Kutaisi şəhərində keçirilən “V Gürcü-Polşa Beynəlxalq Avropa-Asiya Nəqliyyat Körpüsü” elmi-texniki konfransında iştirak ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Akaki Tsereteli adına Texniki Universitetdə baş tutan tədbirdə Polşa, Litva, Latviya, Ukrayna, Gürcüstan və Azərbaycanın 25-dən çox alim və mütəxəssisi nəqliyyat problemlərinə həsr olunmuş elmi-tədqiqat işlərinin nəticələri ilə bağlı çıxış ediblər.
Beynəlxalq konfransda akademik Telman Əliyev “Qatarın hərəkətli hissələrinin vəziyyətinə nəzarətin etibarlılığı və dəqiqliyinin artırılması üçün qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və noise texnologiyalarının tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.
Alim çıxışında “Bir kəmər, bir yol” Şərq-Qərb nəqliyyat dəhlizi boyunca hərəkətdə olan qatarların təhlükəsizliyi, infrastruktur qurğuların (dəmir yolu, körpülər, tunellər və s.) texniki vəziyyətinin monitorinqi üçün noise texnologiyalarının istifadə olunması, müxtəlif tipli intellektual noise monitorinq sistemlərinin yaradılması və tətbiqi barədə geniş məlumat verib.
Məruzə ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Tədbirdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə Rafael Dvali adına Gürcüstan Maşın və Mexanizmlər İnstitutu arasında “Bir kəmər, bir yol” Şərq-Qərb nəqliyyat dəhlizi boyunca intellektual monitorinq təhlükəsizlik sistemlərinin yaradılması üçün memorandumun imzalanmasına dair razılıq əldə olunub.