AMEA-nın Yüksək Texnologiyalar Parkının maddi-texniki bazası tələbələrin marağına səbəb olub
Bakı, 22 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi fakültəsinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) istehsal prosesi və yaradılan infrastrukturla tanış olublar.
BANM-dən AZƏRTAC-a bildirilib ki, YT Parkın infrastruktur üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov və strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə "AMEA Təcrübə-Sənaye Zavodu" MMC və "Millers Oils Azerbaijan" MMC-nin fəaliyyət prosesi ilə tanış olan tələbələrə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətdə istehsal olunan sənaye, mühərrik, sürtkü və hidravlik yağları, həmçinin müalicəvi əhəmiyyətə malik "Naftalan yağı" barədə məlumat veriblər.
"AMEA Təcrübə-Sənaye Zavodu" MMC-nin direktoru Vasif Abbasov, baş mühəndis Adil Ağayev bildiriblər ki, burada elmtutumlu, innovativ, rəqabətədavamlı və ixracyönümlü 100-dən çox adda yerli məhsul istehsal olunur.
Elm, təhsil və təcrübənin vəhdəti biznesdə uğur qazanmaq üçün ən mühüm amil olduğu gənclərin diqqətinə çatdırılıb. Strateji Elmi Analitik Sınaq Mərkəzinin müdir müavini Kamal Yusifov mərkəzin imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verib. Tələbələr YT Parkın beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçən Strateji Elmi Analitik Sınaq Mərkəzi, multidissiplinar təhlillər, beynəlxalq sertifikatlı cihazlar, istehlak mallarında toksik elementlərin təyini və kristallaşmaların öyrənilməsinə dair avadanlıqlarla tanış olublar.
Burada həyata keçirilən layihələr, maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti BANM-in tələbələrinin böyük marağına səbəb olub.