AMEA Şəki Regional Mərkəzinin elmi şurasının iclası keçirilib
Bakı, 17 avqust, AZƏRTAC
Avqustun 17-də AMEA-nın Şəki Regional Elmi Mərkəzində elmi şuranın iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, mövcud sanitar-epidemioloji tələblərə riayət etməklə keçirilən iclasda mərkəzdə cari ildə yeni elmi istiqamətlər üzrə görülən işlər, karantin dövründə elmi tədqiqatların yerinə yetirilməsi sahəsində mövcud vəziyyət, problemlər və onların həlli məsələləri müzakirə olunub. Bundan əlavə, mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün AMEA Rəyasət Heyətinin müvafiq qərarının icrası ilə bağlı məlumatı dinlənilib və qəbul edilib.
İclasda, həmçinin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən yenidən hazırlanmış Şəki Regional Elmi Mərkəzinin əsasnaməsi ilə bağlı məlumat verib. Müzakirələrdən sonra təkliflərin ümumiləşdirilərək Rəyasət Heyətinə göndərilməsi qərara alınıb.
Sonra qurumun Folklorşünaslıq və el sənətləri şöbəsinin müdiri, Azərbaycan Universitetinin dissertantı Pakizə Əliyevanın dissertasiyası işinin vəziyyətinə dair məlumatı dinlənilib. Şura üzvləri tərəfindən dissertasiya işinin yüksək peşəkarlıq səviyyəsində yerinə yetirildiyi qeyd olunub və müdafiəyə buraxılması tövsiyə edilib.
Sonda mərkəzdə distant tədris mərkəzinin yaradılması sahəsində ortaya çıxan problemlər müzakirə edilib, əməkdaşlar tərəfindən çap üçün hazırlanmış elmi məqalələrə dair məlumatlar dinlənilib, müvafiq qərarlar qəbul olunub.