AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CORC BUŞA
Hörmətli cənab Prezident,
Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Birləşmiş Ştatlar bütün dünya miqyasında mütərəqqi proseslərin, eyni zamanda qlobal təhlükələrə və çağırışlara qarşı mübarizənin önündə gedərək sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ümumbəşəri dəyərlərin və sivilizasiyanın qorunması naminə ardıcıl səylər göstərir.
Bu qəbildən Birləşmiş Ştatların beynəlxalq terrorizmə qarşı mübarizəsi, enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyəti çox dəyərlidir və biz də öz növbəmizdə bu işə töhfəmizi verməyə çalışırıq.
Ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, bir çox sahələrdə birgə uğurlu fəaliyyətimiz xüsusi məmnunluq doğurur. Xəzərin Azərbaycan sektorundakı neft-qaz yataqlarının işlənməsində, enerji daşıyıcılarının hasilatında və onların dünya bazarlarına nəqli üçün irimiqyaslı transmilli nəqliyyat infrastrukturunun yaradılması layihələrinin gerçəkləşdirilməsində Birləşmiş Ştatların prinsipial mövqeyi və hərtərəfli dəstəyi bizim üçün böyük əhəmiyyət kəsb etməkdədir.
Biz həmçinin cəmiyyətimizin demokratikləşdirilməsi proseslərinin dərinləşdirilməsi, insan hüquqlarının qorunması sahəsində ölkəmizdə aparılan islahatlara Birləşmiş Ştatların maraq, diqqət və yardımını razılıq hissi ilə qarşılayırıq.
Birləşmiş Ştatların regionumuzda sülhün, sabitliyin bərqərar olması yolunda davamlı səyləri ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılacağına böyük ümidlər doğurur. İnanırıq ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Birləşmiş Ştatların iradəsi və vasitəçiliyi ilə haqq-ədalət tezliklə öz yerini tutacaq, Ermənistanın təcavüzünə son qoyulacaq, Azərbaycanın işğal olunmuş torpaqları azad ediləcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, qaçqın və köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Bu bayram günündə, cənab Prezident, bir daha Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim firavanlıq və yüksəliş arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 iyun 2007-ci il.