Amerika nəşrlərində Azərbaycanlıların Soyqırımı Günü barədə məqalələr dərc edilib
Vaşinqton, 1 aprel, AZƏRTAC
Amerikada çıxan “The State Journal”, “Centre Daily Times”, “Greenfield Recorder” və “Delaware News Journal” qəzetlərində ABŞ-dakı Azərbaycan diasporunun üzvlərinin məqalələri dərc edilib.
AZƏRTAC xəbər verir ki, bu məqalələr ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən hər il keçirilən Amerika ictimaiyyətinin məlumatlandırılması kampaniyası çərçivəsində dərc olunub. Məqalələrdə bildirilir ki, bütün dünya azərbaycanlıları martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edirlər. Bu tarix 1918-ci il mart-aprel aylarında və ümumiyyətlə, XIX-XX əsrlərdə Azərbaycan xalqına çox böyük məşəqqətlər gətirmiş digər faciəli hadisələrlə bağlıdır. Bəzi tarixçilərin fikrincə, azərbaycanlılara qarşı soyqırımı qurbanlarının sayı 500 mindən çox olub.
Materiallarda qeyd olunur ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan ediləndən sonra hökumət mart hadisələrini təhqiq etməyə başlayıb. 1919-1920-ci illərdə AXC martın 31-ni Milli Matəm Günü kimi qeyd edib.
Sovet dövründə ukraynalılar Qolodomor illərində həlak olanların xatirəsini, çərkəzlər öz xalqına qarşı soyqırımının qurbanlarının xatirəsini ehtiramla yad edə bilmədiyi kimi, Azərbaycan xalqının da ona qarşı törədilmiş soyqırımının qurbanlarının xatirəsini yad etməsinə imkan verilmirdi.
1990-cı illərdə Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən sonra Azərbaycanlıların Soyqırımı Günü dövlət səviyyəsində qeyd edilir. Azərbaycan xalqına qarşı soyqırımı siyasəti XIX əsrdən başlayıb və bütün XX əsr boyu davam edib. 1992-ci ildə erməni qoşunları tərəfindən törədilmiş Xocalı qırğını Azərbaycanın dinc əhalisinin məqsədyönlü şəkildə məhv edilməsi aktı kimi məşhurdur.
AZƏRTAC-ın Vaşinqton bürosu