SİYASƏT
Amerika Yəhudi Komitəsinin toplantısında Azərbaycanın strateji əhəmiyyətindən danışılıb
Vaşinqton, 24 fevral, AZƏRTAC
ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatlarından biri sayılan Amerika Yəhudi Komitəsi (AYK) İdarə Heyətinin Mayami şəhərində keçirilmiş illik konfransının çıxışçıları arasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da olub. Bu əlamətdar tədbirin plenar toplantılarından birinin qonağı olan səfir təşkilatın icraçı direktoru Devid Harrisin moderatorluq etdiyi və o cümlədən Bolqarıstan və Uruqvayın ABŞ-dakı səfirlərinin qatıldığı paneldə məruzə ilə çıxış edib. 500 nəfərin iştirak etdiyi tədbirdə ABŞ Konqresinin üzvləri, Florida ştatının rəsmiləri, Mayami şəhərinin meri və yerli ictimaiyyətin çoxsaylı nümayəndələri bir araya gəliblər.
Toplantının açılış hissəsində AYK-nın icraçı direktoru D.Harris Azərbaycanın regionda oynadığı strateji rol və malik olduğu əhəmiyyətdən söz açıb və Azərbaycan rəhbərliyinin qlobal tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində çalışdığını diqqətə çatdırıb.
Diplomat regiondakı son vəziyyət barədə fikirlərini bölüşüb, cəmiyyətimizdə dərin kök salmış dini tolerantlıq mühiti haqqında məlumat verib və ölkəmizin qətiyyətlə ekstremizm, separatizm və radikalizmə qarşı çıxdığını söyləyib. O, Azərbaycanın bir tolerantlıq nümunəsi olaraq, mədəniyyətlər və dinlərarası dialoqa böyük əhəmiyyət verdiyini vurğulayıb və xüsusilə yəhudi icmasının cəmiyyətimizdə digər icmalarla birlikdə əsrlər boyu qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib. Vurğulanıb ki, ABŞ-ın aparıcı yəhudi təşkilatları tərəfindən Azərbaycana göstərilən diqqət ölkəmizə verilən dəyərin göstərici kimi qəbul edilə bilər.
Qeyd edək ki, AYK-nın icraçı direktoru D.Harris 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Dostluq” ordeni ilə təltif olunub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton