Ana, şəhid olsam qəm yemə, burada mənim kimi çox övladlar var... VİDEO
Xaçmaz, 4 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Orxan Çobanov iki il idi müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət aparırdı. Düşmən üzərinə əks-hücum əməliyyatının başlamasını sevinclə qarşılayan Orxan Füzulidə şəhidlik zirvəsinə yüksəlib və ölümündən sonra 3 medalla təltif edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Orxan Zahid oğlu Çobanov 1997-ci il avqustun 2-də Xaçmaz rayonunun Pirquluoba kəndində dünyaya göz açıb. Ailədə iki qardaş bir bacı olublar.
Orxan Çobanov əsgərliyi başa vurandan sonra Azərbaycan Silahlı Qüvvələrində gizir kimi xidmətini davam etdirib. Vətən müharibəsinin ilk günündən döyüşlərə atılan Orxan ailəsi ilə son dəfə telefonla danışanda cəbhədən şad xəbərlərlə qayıdacağını bildirib.
O, sentyabrın 28-də Füzulinin Alxanlı kəndi uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb.
“Orxan ailəsinə, Vətəninə bağlı bir övlad idi. İdmanla məşğul olurdu. Müharibədə olduğunu məndən gizlətmişdilər. Sentyabrın 27-si axşam mənimlə danışdı. Döyüşdə olduqlarını, bir neçə kəndi azad etdiklərini söylədi. Əsas müdafiə səddini keçdiklərini bildirdi. Dedi ki, şəhid olsam qəm yemə, burada mənim kimi çox övladlar var. Mən Orxanla fəxr edirəm”, - deyə şəhidin anası Səvər Çobanova bildirib.
Piyadaların döyüş maşınının 23 yaşlı komandiri düşmənin xeyli sayda texnikasının və canlı qüvvəsinin məhv edilməsində fəal iştirak edib.
Şəhidin atası Zahid Çobanov deyib: “Orxan elə 14-15 yaşından hərbçi olmaq istəyirdi. Əsgərlikdən sonra da arzusunun arxasınca getdi. Hərbçi oldu. Gizirlik kursunu bitirib Beyləqanda işləməyə başladı. Vətən müharibəsində də döyüşə ilk atılanlardan oldu. Evə zəng edib kəndlərimizi azad etdikləri üçün sevincini bölüşürdü. Füzulidə piyadaların döyüş maşınında düşmən üzərinə irəliləyərkən vurulub”.
Orxan Çobanov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.