MƏDƏNİYYƏT
Anatoli Kroll: Vaqif Mustafazadə muğam əsasında bütöv bir caz cərəyanının təməlini qoymuşdur VİDEO
Moskva, 15 mart (AZƏRTAC). Martın 14-də Moskvadakı İqor Butmanın Caz Klubunda görkəmli Azərbaycan caz bəstəkarı və ifaçısı Vaqif Mustafazadənin xatirə gecəsi keçirilmişdir.
Tədbiri Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyi və Azərbaycanın Rusiyadakı səfirliyi təşkil etmişlər.
Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin ictimaiyyət və KİV-lə əlaqə şöbəsinin rəhbəri Tamilla Əhmədova gecəni açaraq bildirmişdir ki, martın 16-da Azərbaycanın görkəmli caz ustası Vaqif Mustafazadənin doğum günüdür. O, ümidvar olduğunu bildirmişdir ki, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin və ölkəmizin Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən bu xatirə gecəsi ənənəvi olacaq və hər il onun doğum günü ərəfəsində Vaqif Mustafazadə sənətinin pərəstişkarları bir araya gələrək bu bənzərsiz sənətkarın musiqisini dinləyəcəklər.
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova səfir Polad Bülbüloğlunun salamlarını çatdırmış və bildirmişdir ki, qeyri-adi istedad sahibi olmuş Vaqif Mustafazadənin təkrarsız əsərləri hələ uzun müddət cazsevərlərin qəlbini riqqətə gətirəcəkdir.
Rusiyanın Xalq Artisti Anatoli Kroll demişdir ki, Vaqif Mustafazadə ilə ilk görüşüm 55 il əvvəl - 1959-cu ildə baş tutmuşdur. A.Krollun sözlərinə görə, Azərbaycan cazının tarixi bu dahi caz ustasının yaradıcılığı ilə müəyyən edilmişdir. Vaqif Mustafazadənin əsərləri Azərbaycan cazının tamamilə yeni, təkrarsız istiqamətdə inkişafına təkan vermişdir. Vaqif Mustafazadə Azərbaycan muğamı əsasında caz sənətində tamamilə fərqli cərəyan yaratmış və muğam əsasında bütöv bir caz cərəyanının təməlini qoymuşdur.
Rusiyanın Xalq Artisti vurğulamışdır ki, görkəmli sənətkarın qızı Əzizə Mustafazadə atasının layiqli davamçısıdır. A.Kroll demişdir: “Mən bu günlərdə Bakıda oldum. Deməliyəm ki, mən bu şəhərin heyranıyam. Bu gün gördüyüm Bakı mənim üçün tamamilə yeni şəhərdir. Azərbaycanın bir çox musiqiçiləri ilə mənim həmişə xüsusi münasibətlərim olmuşdur. Çox istərdim ki, bugünkü gecə ənənəyə çevrilsin və mənim rəhbərliyim ilə Moskva Musiqi Evində keçirilən festivallarda Vaqif Mustafazadə yaradıcılığı öz layiqli yerini tutsun”.
Rusiyanın tanınmış jurnalisti və teleaparıcısı Yelena Hanqa bildirmişdir ki, etnik caz hazırda bütün dünyada olduqca məşhurdur və bu istiqamətin yaradıcılarından biri də Azərbaycanın dünya şöhrətli caz bəstəkarı Vaqif Mustafazadədir. Y.Hanqa demişdir: “Onun caz-muğam janrında yazdığı əsərlər cazın növbəti mərhələsinə keçiddir və mən əminəm ki, Vaqif Mustafazadənin əsərlərini dinləyən hər kəs Azərbaycan ilə də yaxından maraqlanacaqdır”.
Moskvada keçirilən “Master-cem fest” caz improvizasiyası beynəlxalq müsabiqə-festivalın təşkilatçılarından biri - Vyaçeslav Triskeviç demişdir ki, Vaqif Mustafazadənin muğam-caz janrında əsərləri Şərqlə Qərb arasında körpü yaradılmasına xidmət edir və Bakını tam haqlı olaraq cazın Şərq paytaxtı hesab etmək olar.
Musiqiçi Həsən Bağırovun aparıcısı olduğu gecədə “Elçin Şirinov Trio”, tanınmış caz vokalçısı Eteri Beriaşvili, məşhur caz ifaçıları Arzu Hüseynov, Vaqif Sadıxov, Mixail Okun, Sergey Baulin, Vladimir Koltsov-Krutov və başqaları Vaqif Mustafazadənin əsərlərini səsləndirmişlər.
Xatirə gecəsində Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin, Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin təmsilçiləri, Rusiyanın tanınmış musiqiçiləri və ictimai xadimləri iştirak etmişlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva