Ankarada "YAŞAT" xeyriyyə marafonuna dəstək toplantısı keçirilib
Ankara, 25 may, AZƏRTAC
Ankarada fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) “Azərbaycan Evi”nin təşkilatçılığı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun və "YAŞAT" Fondunun birgə təşkil etdiyi "YAŞAT" xeyriyyə marafonuna dəstək vermək məqsədilə toplantı keçirilib.
TADƏHF-dən AZƏRTAC-a verilən məlumata görə, toplantıda Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədrinin müavini İsmail Safi, TADƏHF İdarə Heyətinin üzvü Kamil Salduz, “KÖK MEDYA” qrupunun rəhbəri Hakan Kılıç, “OMSA” qrupunun başqanı Muhsin Şaşmaz Hakan Kılıç, “Okmeydanı” özəl tibb mərkəzinin rəhbəri Saltuk Buğrahan Budak iştirak ediblər.
“YAŞAT" xeyriyyə marafonunun məqsəd və hədəfləri barədə ümumi məlumat verən Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar deyib: “Mənəvi dəyərlər bizi şux tutur. Birlikdə olduğumuz və birlikdə hərəkət etdiyimiz halda kimsənin gücü bizə çatmaz. Bundan sonra da bir olacağıq”.
Digər çıxış edənlər yekdilliklə "YAŞAT" xeyriyyə marafonunda qatılmağın mənəvi borc olduğunu diqqətə çatdıraraq bu barədə geniş ictimaiyyətə çağırış edilməsinin vacibliyini ifadə ediblər. Azərbaycana olan tükənməz sevgi və məhəbbətlərinin ülvi hiss olduğunu vurğulayan çıxışçılar əminliklə bildiriblər ki, Türkiyə ictimaiyyəti hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaq.
Qeyd olunub ki, "YAŞAT" xeyriyyə marafonunun təşkilində məqsəd yalnız maddi kömək etmək deyil, bu birlik nümayişi, milli dəyərləri yaşatmaq və həmrəyliyin ehtiva çağırışıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara